“Nil-Mədəniyyət” telekanalında Misir-Azərbaycan əlaqələrindən bəhs edilib

Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu ölkənin nüfuzlu “Nil-Mədəniyyət” dövlət televiziya kanalının canlı yayımında “Bütün dillərdə” proqramının qonağı olub. Verilişin əsas mövzusu alimin Azərbaycan ilə Misir arasında tarixi əlaqələri özündə ehtiva edən “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərinin səyləri” mövzusunda doktorluq dissertasiyası olub.

SİA xəbər verir ki, S. Nəsirov Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyünü qeyd edib.

Tədqiqatçı “Koroğlu” dastanında Misri qılıncın qeyd edilməsini, ölkəmizdə çoxlu sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində 6 mindən çox ərəb mənşəli sözün işlənməsini iki xalq arasında tarixən mövcud olmuş sıx əlaqələrin bariz nümunəsi kimi dəyərləndirib.

Aparıcının suallarını cavablandıran azərbaycanlı alim qeyd edib ki, onun 337 səhifədən ibarət elmi işində 146 mötəbər ərəb mənbəsinə istinad edilib və 150-dən çox azərbaycanlı alim haqqında məlumatlar yer alıb. Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqlarından geniş bəhs edilib.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışan S.Nəsirov vurğulayıb ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib.

Daha sonra S.Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.

Ölkəmizin turizm potensialından danışan təşkilat rəhbəri son illərdə çoxlu sayda ərəb turistin ölkəmizə səyahət etdiyini bildirib.

Azərbaycanla bağlı 45 dəqiqəlik veriliş misirli tamaşaçılarda böyük maraq doğurduğundan, o, təkrar nümayiş etdirilib. Bundan başqa, mövzunun aktuallığı nəzərə alınaraq, Qahirə Universitetində xüsusi simpoziumun keçirilməsi barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...