“Məhəbbət əfsanəsi” tamaşası nümayiş olunub FOTOLAR

Sankt-Peterburqda, Mariya Teatrında “Məhəbbət əfsanəsi” tamaşası nümayiş olunub. Tamaşa əsərin müəllifi, dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikova həsr edilib. SİA-nın məlumatına görə, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər ki, baş rolda Mariya Teatrının balet truppasının premyeri, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov çıxış edib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və vitse-konsul Rüfət Dadaşov tamaşanın nümayişində fəxri qonaq qismində iştirak ediblər.

Tamaşa başa çatdıqdan sonra Azərbaycanın Əməkdar artisti Timur Əsgərova gül təqdim edən baş konsul Sultan Qasımov səhnə arxasında artistlərlə görüşüb səmimi söhbət edib, onları gözəl çıxışları münasibətilə təbrik edərək balet truppasına bundan sonra da yaradıcılıq uğurları arzulayıb.

Əməkdar artist Timur Əsgərov tamaşa barədə öz təəssüratları ilə bölüşərək deyib ki, Heydər Əliyev Fondu sayəsində Azərbaycan klassik musiqisinin incisi, “Məhəbbət əfsanəsi” baleti mart ayında yenidən Bakı səhnəsində göstəriləcək. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının artistlərinə səmimi qəlbdən xoş əhval-ruhiyyə, uğurlar arzulayıb. “Arif Məlikovun baleti Azərbaycanın qürurudur! Qoy, hər bir artist bu qüruru Yuri Qriqoroviçin gözəl xoreoqrafiyasında özü ilə bərabər daşısın!” deyə, Timur Əsgərov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...