“Selector PRO” artıq üçüncü dəfə Bakıda

“British Council Azərbaycan” təşkilatı “ASAN radio” və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birlikdə “Selector PRO”nu artıq üçüncü dəfə Bakıda təqdim edəcək. SİA-nın məlumatına görə, layihə ilə bağlı təşkil olunan mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maliki məlumat verib.

Bildirib ki, builki layihə gender bərabərliyini təmin etmək məqsədi daşıyır və “Selector Live: women.sounds.waves” adlanır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə tədbirin keçirilməsinin əsas məqsədinin qadınların inkişaf etdirilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, gender bərabərliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da kifayət qədər mühüm məsələdir. Ona görə də bu istiqamətə xüsusi diqqət yönəldilməlidir.
Böyük Britaniyanın dünyada musiqinin inkişafı baxımından böyük imkanlara sahib olduğunu vurğulayan diplomat deyib: “Son 50 il ərzində bizim ölkəmiz musiqinin inkişafı baxımından qabaqcıl rol oynayır. Eləcə də elektron musiqinin inkişafında xüsusi rola malikdir. Layihənin gerçəkləşdirilməsi zamanı bu sahədə təlimlərin keçirilməsi də nəzərdə tutulub”.

“British Council Azərbaycan”ın ölkə üzrə rəhbəri Samr Şah “Selector PRO” layihəsinin “ASAN radio” və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb: “Selector şou dünyanın müxtəlif ölkələrindən olan auditoriya ilə daim dəyişən Birləşmiş Krallıq mədəniyyəti arasında körpü rolunu oynayır və 30-dan çox ölkədə yayımlanır. Selector şou Birləşmiş Krallığın ən səs-küylü musiqiçilərinin canlı performanslarını təqdim edir. “Selector Live: women.sounds.waves” adlanan builki konsertdə Britaniyadan olan JAMZ SUPERNOVA, HOLLY LESTER kimi DJ-lərlə yanaşı Azərbaycandan olan istedadlı qadın musiqiçilər də iştirak edəcəklər. Düşünürük ki, bu əməkdaşlıq gələcəkdə Azərbaycan və Birləşmiş Krallıq musiqiçiləri arasında daha sıx əməkdaşlığın qurulmasına xidmət edəcək”.

S.Şah “British Council” tərəfindən Tuğkan Mutlunun rəhbərliyi ilə iki günlük intensiv “Selector PRO” təlimi keçirəcəyini söyləyib. Bildirib ki, iştirakçılar təlimdə Ableton proqramı vasitəsilə professional şəkildə musiqi yaratmaq üçün faydalı məlumat və vasitələrlə təmin olunacaqlar. Bundan başqa, "ASAN radio"da DJ BAZAUR tərəfindən ingilis konsertlərindən ən yaxşı musiqi nümunələri təqdim ediləcək. Fevralın 21-də Pullman Baku otelində elektron musiqiyə həsr olunmuş Selector Live partisi baş tutacaq.

Sonra layihənin Azərbaycan üzrə təmsilçiləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə