Qış məktəbinin iştirakçıları Şəki Xan Sarayı ilə tanış olublar FOTOLAR

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şəki şəhərində könüllülər üçün təşkil edilən Qış məktəbi öz işini uğurla davam etdirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, layihə iştirakçıları nəzəri məşğələlərlə yanaşı, Şəkinin tarixi məkanlarına ekskursiyalar da edir, muzeylərlə tanış olur, şəhərin görməli yerlərini gəzirlər.

Layihənin üçüncü gününün proqramı da maraqlı və yaddaqalan olub. Qış məktəbinin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bildirilib ki, orijinal layihə əsasında tikilən və 2018-ci ilin oktyabrında istifadəyə verilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Mərkəzin yanında yeni inşa edilən Bayraq Muzeyi gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verəcək. Burada 72 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb.

Layihə iştirakçıları sonra Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət ediblər. Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri silahlı qüvvələrimizin şəxsi heyəti ilə həmrəylik nümayiş etdirmək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü olan “Əsgərə salam” aksiyasına qoşularaq dəstəyini bildiriblər.

Sonra Fondun könüllüləri şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq layihə iştirakçılarında böyük maraq doğurub. Gənclərin diqqətinə çatdırılıb ki, ötən ilin iyulunda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.

Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Könüllülər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.

Fondun könüllüləri qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə