Alim Qasımov və Fərqanə Qasımova Fransadan qastrol səfərindən qayıdıblar

Alim Qasımov və Fərqanə Qasımova Fransadan qastrol səfərindən qayıdıblar
Dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Fransadan növbəti qastrol səfərindən qayıdıblar. Bu barədə SİA-ya F. Qasımova açıqlamasında bildirib.

Muğam ifaçıları bu dəfə də fransızları heyran qoyublar. Səfər barədə öz təəssüratlarını bölüşən Fərqanə Qasımova bildirib ki, onlar Parisdə iki konsert proqramı ilə çıxış ediblər. Hər iki konsert fransızların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb: "İlk olaraq konsertdə solo "Mahur" təsnifini ifa etdim. Daha sonra isə atamla birlikdə "Şur" dəstgahını oxuduq. Çox şükür, bu dəfəki səfərlərimiz də uğurlu keçdi. Tamaşaçılar o qədər alqışladılar ki... Baxmayaraq ki, atamın səsində bir az problem yaranmışdı, çünki bir az nasaz idi. Amma ustalığı burda da özünü göstərdi".

Fərqanə Qasımova həmçinin onu da qeyd edib ki, bu səfər zamanı növbəti təklif də irəli sürülüb. "Artıq gələn il yenə də həmin ölkədə konsert vermək üçün zalın direktoru ilə müqavilə də imzalanıb. Müqaviləyə əsasən, yenə də 2 konsert proqramı ilə çıxış edəcəyik",- deyə o əlavə edib.

Bununla yanaşı, digər Avropa ölkələrində də konsert proqramları ilə çıxış edəcək əməkdar artist bildirib ki, apreldə İspaniya, mayda isə Berlinə qastrol səfərlərimiz olacaq: "İlk konsertimdə tək olaraq çıxış edəcəm. İkinci konsertimdə isə atamla birgə ifa etməyi nəzərdə tutmuşuq. Hələ tam dəqiq vaxtları bilmədiyimizə görə tam dəqiq məlumat verə bilməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə