Azərbaycanlı violonçel ifaçısı Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək

Fevralın 19-da violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada Dorset Qraflığı Muzeyində konsert proqramı ilə çıxış edəcək.

SİA xəbər verir ki, bu barədə məlumat musiqiçinin və Dorset Qraflığı Muzeyinin saytında yer alıb. Camal Əliyev Maksim Stsura (fortepiano) ilə birgə çıxış edəcək. Konsertdə L.V.Bethoven, S.Frank, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə "BBC" radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

Maksim Stsura fortepiano üzrə beynəlxalq müsabiqələr laureatıdır. O, “Amadeus” kamera orkestri, Estoniya Milli Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri ilə solist kimi çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə