Xalq artisti Süleyman Ələsgərovun xatirəsi anılıb FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti Süleyman Ələsgərovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan məktəbin müəllimi Rəna İman bəstəkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan musiqi tarixində və inkişafında bəstəkarın özünəməxsus yeri var. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.

Diqqətə çatdırılıb ki, musiqi və mədəniyyətimizin beşiyi olan Şuşada dünyaya göz açan Süleyman Ələsgərov ilk təhsilini musiqi texnikumunun tar sinfində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın Bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlayıb. Bəstəkar bu barədə deyirdi: "İlk mahnımı II Dünya müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış "Gözlə məni" mahnısıdır. Bu mahnını Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdu". Onun "Bayatı-Şiraz" simfonik muğamı bu janrda "Şur", "Kürd-Ovşarı", "Rast"dan sonra yazılmış gözəl nümunədir.

Vurğulanıb ki, S.Ələsgərovun yaradıcılığında kamera instrumental əsərlər də var. Onların arasında fortepiano, tar, skripka üçün "Trio"nu, fortepiano üçün "Rəqs tokkata"nı, skripka və fortepiano üçün "Sonata"nı, fortepiano üçün "Düşüncə"ni qeyd etmək olar. Bu əsərlər açıq konsertlərdə, mavi ekranda, radio dalğalarında ifa olunmaqla bərabər, ali və orta ixtisas musiqi məktəbləri tələbələrinin tədris proqramına da daxil edilib.

Daha sonra tədbirdə bəstəkarın sevilən əsərləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə