Ramiz Əzizbəylinin “Cızma-qaralarım” kitabının təqdimat mərasimi keçirilib

Ramiz Əzizbəylinin “Cızma-qaralarım” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış aktyor və rejissor, xalq artisti Ramiz Əzizbəylinin yeni kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə şair Ramiz Rövşən, İlyas Tapdıq, xalq artisti Həmidə Ömərova və bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak edib.

İlk olaraq çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, Ramiz Əzizbəyli artıq 10 ildən çoxdur ki, AYB-nin üzvüdür: "İlk dəfədir ki, xalq artistinin kitabı işıq üzü görüb. Hesab ediəm ki, uğurlu bir iş alınıb".

Daha sonra xalq artisti İlham Namiq Kamal vurğulayıb ki, R. Əzizbəyli tək aktyor, rejissor və pedaqoq deyil, eləcə də çox yaxşı müşahidəçilik qabiliyyətinə malik olan şəxsiyyətdir. Bununla yanaşı, onun çox yaxşı dünyagörüşünə malik cəhəti də var. Arzu edirəm ki, onun bu işi davamlı olsun".

Müəllif isə qeyd edib ki, bu ilk kitabım olmaqla, mənim düşüncə və həyəcanlarımın müxtəlif illərdə kağıza köçürdüyüm yazılı ifadəsidir: "Bu kitabı çap etdirməklə mən heç də özümü şair və ya yazıçı kimi təqdim etmək məqsədi güdmürəm. Sadəcə həmişə cızma- qara edib, hara gəldi atdığım bu yazıları bir gün dostlarım heç olmasa, qəzet və jurnallarda ara- sıra çap etdirməyimi xahiş etdilər. Mən də onların bu xahişini nəzərə alıb bu toplunu çap etdirdim".

"Cızma-qaralarım" adlanan kitabda onun müxtəlif illərdə yazdığı şeirləri və hekayələri yer alıb.

Qeyd edək ki, kitabın redaktoru Tahirə Ağasıyevadır. Kitabın ön sözünü də elə müəllif qələmə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə