Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib

Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib
Bu gün M.F.Axundov adına Milli Kitabxanada Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, festivalın bədii rəhbəri bəstəkar, əməkdar incəsənət xadimi Fərəc Qarayev və musiqi festivalında iştirak edəcək xarici qonaqların bir qismi iştirak ediblər.

Konfransda çıxış edən F. Əliyeva bildirib ki, bu musiqi festivalı musiqisevərlərin böyük marağına səbəb olacaq: "Festival çərçivəsində dünyanın 10 ölkəsindən tanınmış musiqiçilər gəliblər. Onu da qeyd edim ki, festivalın konsert proqramları olduqca maraqlıdır. Bu festival adət etdiyimiz ənənələrdən kənara çıxıb. Belə ki, Gənc Tamaşaçılar Teatrında XX əsrin əvvəllərində yazılan musiqi də təqdim olunacaq. Bu musiqi hər zaman solo pianinonun müşayiətində ifa olunub. Ancaq bu dəfə isə bu musiqini Almaniyadan gələn ansambl xüsusi olaraq yenidən hazırlayıb. Onların hazırladıqları bu mahnı da digər Avropa ölkələrində uğurla nümayiş olunub".

Fərəh Əliyeva onu da qeyd edib ki, festivalın işini işıqlandırmaq üçün Polşa, Ukrayna və Almaniyadan da jurnalistlər Azərbaycana təşrif buyurublar.

Qeyd edək ki, 2-8 aprel tarixlərində Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Festival proqramında elmi konfrans, həmçinin dünyanın tanınmış musiqiçilərinin konsertləri təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə