VI Beynəlxalq Türk İncəsənəti sərgisinin açılışı olub

VI Beynəlxalq Türk İncəsənəti sərgisinin açılışı olub
Bu gün Milli Azərbaycan Tarix Muzeyində VI Beynəlxalq Türk İncəsənəti sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin müxtəlif janrlarda əsərlərinin nümayişi ilə başlayıb.

Sərginin açılışından sonra giriş sözü ilə çıxış edən akademik Nailə Vəlixanlı bildirib ki, türk incəsənəti tarix boyunca Anadolu və Orta Asiyada memarlıqdan naxışlamağa, ev sənətkarlığına qədər bir çox sahədə öz damğasını vurub: "Azərbaycan möhtəşəm incəsənət və memarlıq keçmişi də daxil olmaqla, XI əsrdən başlayaraq Anadolu memarlığında söz sahibi olan Anadolu səlcuqları məscid, mədrəsə, və bir sıra müxtəlif tikililərin əsasını qoyublar".

N. Vəlixanlı həmçinin onu da qeyd edib ki, Milli Azərbaycan Tarix Muzeyi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Akşehir Foto İlgililəri Dərnəyi bu sərgini təşkil edərək ənənəvi və plastik incəsənət sahəsində fəaliyyət göstərənlərin dəyərli sənət işlərini bu beynəlxalq sərgidə nümayiş etdirmək niyyətindədir.

Məlumat üçün bildirək ki, sərginin açılış mərasimindən sonra "Türk-islam incəsənəti və memarlığı" seminarı keçirilib. Seminarda "Mədəni irsimiz: incəsənət, memarlıq və sənətkarlıq" və bu kimi məruzələr dinlənilib.

Bundan başqa, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi, MİRAS İctimai Birliyi və Aktiv Media Şirkətinin birgə hazırladığı, türk obalarının mənəvi mədəniyyətində axır çərşənbənin yerindən bəhs edən "Axtaçı obası: Tərəkəmə çərşənbəsi" filminin təqdimatı da olub.

Qeyd edək ki, "VI Beynəlxalq Türk İncəsənəti Sərgisi" 3 aprelə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə