“Tullantıdan incəsənətə” müsabiqəsi çərçivəsində növbəti tədbir keçirilib
Bu gün Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə reallaşdırılan “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir keçirilib. Tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib.
Sonra çıxış edən “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova layihənin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü tədbirlərin vacib olduğunu vurğulayıb. Layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” (Make the Earth smile again) mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı işin seçimi edilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.
2019-cu ilin noyabr ayından start verilən “Tullantılardan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir. Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB