“Hollivudun Gənc Aktyorlar Mükafatı”nın sahibi Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı verilib

“Hollivudun Gənc Aktyorlar Mükafatı”nın sahibi Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı verilib
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən mərasimdə "Sahə" bədii filmində baş rolun ifaçısı Timur Oduşevə "Hollivudun Gənc Aktyorlar Mükafatı" təqdim edilib. O, bu mükafata "Xarici bədii filmdə ən yaxşı aparıcı rol" nominasiyasında fərqləndiyinə görə layiq görülüb.

Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyində gənc aktyor Timur Oduşev və "Sahə" bədii filminin yaradıcı kollektivi ilə görüş keçirilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Məlumata görə, görüşdə nazir Əbülfəs Qarayev "Hollivudun Gənc Aktyorlar Mükafatı" nın film sənayesində gənc aktyorlara verilən ən yüksək mükafat hesab olunduğunu bildirib.

Nazir qeyd edib ki, bu mükafatın azərbaycanlı gənc aktyora verilməsi hamımızı sevindirir: "Bu, təkcə T.Oduşevin deyil, bütövlükdə Azərbaycan kinosunun uğurudur. Çalışmalıyıq ki, belə ekran əsərlərinin sayı çox olsun. Belə filmlərin çəkilməsi üçün nazirlik olaraq biz bütün kinostudiyalara kömək etməyə hazırıq",- deyə əlavə edib.

Son illər ölkəmizdə kino sahəsində baş verən canlanmanı yüksək qiymətləndirən nazir vurğulayıb ki, qazanılan uğurlar Azərbaycan kinosunun böyük gələcəyindən xəbər verir.

Görüşdə həmçinin o da diqqətə çatdırılıb ki, "Sahə" filmi "Narimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının ilk birgə layihəsidir. Filmdə baş rolları Vaqif İbrahimoğlu, Timur Oduşev (Azərbaycan), Zaza Bejaşvili (Gürcüstan) və Melissa Papel (Fransa) ifa ediblər. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, prodüseri Nəriman Məmmədovdur. Bu ekran əsəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, "Paşa Bank"ın köməkliyi ilə ərsəyə gəlib.

Hazırda Bakı Xoreoqrafiya Məktəbinin 2-cu kurs tələbəsi olan Timur Oduşev ilk dəfə çəkildiyi filimin müxtəlif ölkələrin qatıldığı belə bir möhtəşəm müsabiqədə uğur qazanacağını heç ağlına belə gətirmədiyini söyləyib.

Gənc aktyor onu da bildirib ki, bundan sonra da hər hansı bir filmə dəvət alarsa yenə də Azərbaycan kinosunun böyük uğurlara imza atması naminə əlindən gələni edəcək.

Görüşdə Əbülfəs Qarayev "Hollivudun Gənc Aktyorlar Mükafatı"nın sahibi Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə