“Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik” adlı sərginin açılışı keçirilib

“Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik” adlı sərginin açılışı keçirilib
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində yeni fəaliyyətə başlayan "Azərbaycan xalçaçıları" İctimai Birliyinin (AXİB) təqdimat mərasimi və "Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik" adlı sərginin açılışı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, Azərbaycan daim qonşu ölkələrlə, xüsusən də türkdilli dövlətlərlə mədəni, siyasi, iqtisadi əlaqələr qurub və bu gün bu əlaqələr inkişaf edərək özünün ən yüksək səviyyəsinə çatıb. O bildirib ki, Azərbaycanda "Xalçaçılıq haqqında" qanunun qəbulu ölkənin xalça sənətinə verdiyi dəyərin bariz nümunəsidir.

Muzeyin direktoru Röya Tağıyeva isə qeyd edib ki, 2009-cu ildə təsis edilmiş və 2010-cu ildən fəaliyyətə başlamış "Azərbaycan xalçaları" İB Azərbaycan xalqının milli xalçaçılıq ənənələrinin qorunub saxlanması, inkişafı, tanınmış incəsənət xadimlərinin yaradıcılıq potensialının birləşdirilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsi məqsədilə yaradılıb.

"Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik" adlı sərgidə Özbəkistan mədəniyyətinin toxuculuq, bədii-tikmə, keramika, ağac üzərində oyma, milli geyim, zərgərlik və digər sənət nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, bu gün geniş tamaşaçı kütləsinə təqdim olunan "Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik" adlı sərgi AXİB-nin, Özbəkistan Mədəniyyəti və İncəsənəti Fondu forumunun və Özbəkistanın "Meros" Əntiq Əşyalar Assosiasiyasının birgə əməkdaşlığının məhsuludur.

Bütün xəbərlər Facebook səhifəmizdə