Ağdaşda “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib FOTOLAR

Ağdaş rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Ağdaş rayon Mədəniyyət Mərkəzinin, Mərkəzi kitabxananın və Ağdaş Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə ərazi bütövlüyü uğrunda Şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 20 Yanvar hadisələrini əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev 30 il əvvəl Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən birinə, eyni zamanda qəhrəmanlıq salnaməsinə çevrilən 20 Yanvar faciəsindən söz açıb. Qeyd edib ki, o gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, xalq öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan etmişdir. Məhz 20 Yanvar hadisələri xalqımızın milli azadlığına qovuşmasına təkan vermişdir.

Sonra rayon məktəblilərinin, rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının və bədii özfəaliyyət kollektivinin üzvlərinin ifasında 20 yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Daha sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır.

Sonda tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin kiçik üzvlərinin əl işlərindən “Tarixin qan yaddaşı” adlı sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə