20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi barədə və “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında”, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova isə “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzularında çıxış ediblər.

Tədbirdə 20 Yanvar şəhidi, professor, kimyaçi alim İsmayıl Musa oğlunun həyat yoldaşı Gülüş Mursaqulova və 20 Yanvar əlili Mürsəl Əsgərov qanlı yanvar günlərindəki hadisələrlə bağlı xatirələrini danışıblar.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fotoqrafı işləyən Boris Dobin Bakıda törədilən qırğınları və fəlakətin nəticələrininin fotolarını çəkmiş və bu kadrları buklet şəklində çap etdirərək dünya ictimaiyyətinə çatdırıb. Tədbirdə bütün çıxışlar 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət slayd-şou ilə müşayiət olunub.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film və Azər Rzayevin “Bakı-90” simfoniyasının videoyazısı nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə