Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb FOTOLAR

Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm və heykəltəraşlıq sərgisi açılıb. SİA-nın məlumatına görə, muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. O, bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyini qazandığını vurğulayıb: "Xalqın mübarizə əzmini təcəssüm etdirmək, tarixi yaddaşlara həkk etmək üçün sənətkarlarımız bu mövzuda əsərlər ərsəyə gətiriblər. Bu qəbildən əsərlərin əksər hissəsi Milli İncəsənət Muzeyinin fonduna da daxil edilib. Bugünkü sərgidə 70-ə qədər əsər nümayiş olunur. Bura rəngkarlıq, qrafika işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də daxildir".

Muzeyin Bədii tərtibat şöbəsinin müdiri Araz Osmanov deyib ki, sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, eləcə də Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” və başqa əsərləri nümayiş olunur.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bildirək ki, Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” sərgisi yanvarın sonuna qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə