Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş nəşrlərin təqdimatı keçirilib FOTOLAR

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "20 Yanvar - qan yaddaşımız" adlı broşürün və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə, Qara Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə reallaşan tədbirdə həmçinin "20 Yanvar" İctimai Birliyi tərəfindən nəşr olunmuş "Qalibiyyət qartalları" kitabı da təqdim olunub.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov faciənin tarixindən söz açıb. Bildirib ki, 1990-cı il yanvar ayının 20-nə keçən gecə sovet ordu birləşmələrinin Bakıda törətdiyi qanlı faciənin hər ildönümündə ölkəmiz və xaricdə müxtəlif anım tədbirləri təşkil olunur.

Direktor qeyd edib ki, 20 yanvar tarixi Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır: "Xalqımız həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda ölüm-dirim mübarizəsi aparmağa qadirdir".

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxışında dedi ki, 20 Yanvar faciəsi xalqımızın milli iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən övladları müstəqilliyimizə yol açdılar. Ona görə də 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.

Qeyd olunub ki, hər il Milli Kitabxanada Qanlı Yanvar haqqında tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər, o cümlədən kitab sərgiləri, təqdimatlar, film nümayişləri keçirilir. Faciənin 30-cu ildönümü ilə bağlı kitabxananın saytında "20 Yanvar - qan yaddaşımız" adlı elektron məlumat bazası yerləşdirilib.

Daha sonra 20 Yanvar şəhidləri haqqında qısa videofilm nümayiş olunub və şeirlər deyilib.

Sonda tədbir iştirakçıları faciəyə həsr edilən elektron məlumat bazası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...