Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.

Vurğulanıb ki, faciə zamanı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın "Azər Rzayevin "Bakı-90" simfoniyası haqqında", sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının "Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlik mövzusu", musiqişünas Aysel Kərimin "20 Yanvar hadisələrinin Azərbaycan mədəniyyətində təcəssümü" mövzusunda məruzələri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə