“Nəsimi” medalına layiq görülən Rasim Balayev: "İstədiyim kimi addım ata bilmirəm" AÇIQLAMA

Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edilib. SİA-ya bu haqda açıqlama verən aktyor onu bu mükafata layiq görənlərə təşəkkür edib: "Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirildi.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı məni TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif etdi. Lakin səhhətimlə bağlı tədbirə qatıla bilmədim. Ona görə də medalım Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib. Məni bu mükafata layiq gördükləri üçün təşəkkür edirəm".

R.Balayev səhhətindən də söz açıb: "Belimdə yırtıq (qrija) var. Həmin yırtıq ayağımdakı sinirləri və əsəb damarlarımı sıxır. Sol ayağım demək olar ki, bərbad vəziyyətdədir. İstədiyim kimi addım ata bilmirəm. Bəzi həkimlərin məsləhəti ilə fizioterapiyaya da getmişəm. Lakin səhhətim yaxşılaşmır. Getmədiyim xəstəxana, həkim qəbulu qalmayıb. Bir çox həkimlər də əməliyyat olunmağımı israr edirlər. Mən də hiss edirəm ki, səhhətim irəli yox, geri gedir. Ona görə də əməliyyat olunmağım haqda artıq düşünürəm".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə