Sabirabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTOLAR

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş foto və stendlərdən hazırlanmış guşə qarşısında tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi və dərnək və kurs üzvləri iştirak edib.

Əvvəlcə Azərbaycanın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova və Sabirabad Dövlət Sosial İqtisad Kollecinin müəllimi Səidə Hüseynova çıxışlar edərək, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyini, lakin iradənin sınmadığı və milli ruhu sarsılmadığını, həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdığını qeyd ediblər.

Sonda tədbir iştirakçıları 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş foto və stendlərdən hazırlanmış guşəyə baxış keçiriblər.

* * *

Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş və “20 Yanvar şəhidi” adını almış Zəbulla Xeyrulla oğlu Əliyevin məzarını ziyarət edib.

Məlumat üçün qeyd edək ki, Zəbulla Xeyrulla oğlu Əliyev 1946-cı il martın 6-da Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuşdur. Bakı şəhərində 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Beş uşaq atası olub. Zəbulla Əliyev yanvarın 20-də vəfat edib. Anadan olduğu kənddə dəfn edilib.

Sabirabad rayonunun küçələrindən biri Zəbulla Xeyrulla oğlunun Əliyevin adını daşıyır. Zəbulla Xeyrulla oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra “20 Yanvar şəhidi” adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə