Filarmoniyada Milad bayramı münasibətilə tədbir keçirilib

Filarmoniyada Milad bayramı münasibətilə tədbir keçirilib

Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Milad bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin jurnalistlərə müsahibəsində dünyanın hər yerində yaşayan pravoslav xristianların Milad bayramını qeyd etdiyini deyib: “Bu bayram sülhün carçısı olduğuna görə bizim üçün xüsusi əhəmiyyətə malikdir”.

O, Azərbaycandakı tolerant, multikultural mühitin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda əsrlərboyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar.

M.Zabelin tolerantlıq və multikulturalizm ideyalarının təbliğinə yönəlmiş tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirib. Sonra bayram mərasimi başlayıb. Gecədə musiqi məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlərboyu torpağımızda dinc yanaşı yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvüdürlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə