“Elektron İnformasiya Sistemləri və yeniliklər” FOTOLAR

“Elektron İnformasiya Sistemləri və yeniliklər” FOTOLAR

Milli Arxiv İdarəsində “Elektron İnformasiya Sistemləri və yeniliklər” mövzusunda təqdimat keçirilib. Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, tədbirdə İdarənin rəhbərliyi, şöbə müdirləri və məsul əməkdaşları, Respublika Dövlət Arxivlərinin rəhbər vəzifəli şəxsləri iştirak edib.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov son dövrlərdə Milli Arxiv Fondu sənədlərinin elektron daşıyıcılara köçürülməsi, onların rəqəmsallaşdırılması nəticəsində alınan informasiya bazalarının idarə edilməsi, həmçinin elektron arxiv xidmətləri barəsində ətraflı məlumat verərək, informasiya texnologiyalarının arxiv xidməti sahəsində artan rolunu qeyd edib.

İdarənin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov Milli Arxiv İdarəsinin “Elektron Arxiv Sistemi –EAS”, “Elektron Arxiv Məlumat Sistemi-EAMS”, “Elektron Hesabatlar Sistemi-EHS” barədə danışıb, onlayn qaydada sistemlər əyani olaraq tədbir iştirakçıları üçün nümayiş etdirilib. Məlumat verilib ki, prioritet kimi ən çox istifadə edilən sənədlərin elektronlaşdırıldığı məlumat bazaları arxivçilərin istifadəsinə hazırdır.

Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, həmçinin Dövlət Arxivinin Bakı filialı artıq EAS-dan istifadə etmək imkanına malik olacaqlar. Bu da öz növbəsində hüquqi və fiziki şəxslərə arxiv xidmətinin göstərilməsində zaman itkisinin minimuma endirilməsi, keyfiyyətli və şəffaf xidməti təmin edəcək. EAS əsasında istifadəyə hazırlanan “Elektron oxu zalı” yaxın günlərdə tədqiqatçıların və elmi-tədqiqat məqsədilə arxiv sənədləri istifadəçilərin ixtiyarına veriləcək.

Tədbirdə sözügedən digər elektron informasiya sistemləri üzərində aparılan təkmilləşdirmə işləri barədə, yeni əlavə edilmiş arxiv axtarış informasiyaları haqqında da məlumat verilib. Bildirilib ki, açıq şəkildə İdarənin rəsmi saytında istifadəyə verilən və EAMS əsasında xidmət göstərən “Milli Arxiv fondunun tərkibi və məzmunu barədə məlumatların verilməsi” xidmətinə mütəmadi şəkildə yeni sənədlərin – fond siyahılarının yüklənilməsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə