30 saylı UMM-də Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayonu 30 saylı Uşaq Musiqi Məktəbində musiqi sənətinin görkəmli nümayəndəsi Hacıbaba Hüseynəli oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Etiram Əliyevin sinif konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Respublikanın Xalq artisti, professor Ağasəlim Abdullayev, Əməkdar artist, professor Mirnazim Əsədullayev, Milli Konservatoriyanın Baş müəllimi Qəzənfər Abbasov, Milli Konservatoriyanın müəllimi, Əməkdar müəllim, professor Ramiz Əzizov, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov, dərs hissə müdiri İlahə Ağayeva, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin aparıcısı, xalq çalğı alətləri şöbəsinin müdiri Gülnar Rəcəbova çıxış edərək muğam ustadının həyatı və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Etiram Əliyevin siif konserti musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, gözəl qəzəllər və təsniflər müəllifi, ustad sənətkar, xanəndə Hacıbaba Hüseynovun 100 illik yubileyinə həsr olunub: “Möhtərəm Prezidentimizin sərəncamları ilə hər il görkəmli şənətkarların yubileyləri ölkə səviyyəsində qeyd edilir. Biz də bu sinif konsertini sevimli xanəndəmiz Hacıbaba Hüseynovun 100 illiyinə həsr etməyi qərara almışıq. Əlbəttə, belə sənətkarlara neçə-neçə konsertlər, tədbirlər həsr olunsa da onlar haqqlında nə qədər danışılsa da azdır. Ustad sənətkarın həyatı haqqında qısa danışmaq istəyirəm.
Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olub. Ruhani ailəsində böyüyüb. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə gənc Hacıbaba muğam oxumağa fasilə verib "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. Öz dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə muğam oxuyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq tanınan xanəndə olan, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblına işə götürür. Hacıbaba həmin ansamblda üç il çalışır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Toylarda nağara çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.
1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir.
Hacıbaba Hüseynov muğamda oxunan - Rast muğamının "Üşşaq" və "Hüseyni", Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.
Hacıbaba Hüseynov 19 Mart 1989-cu ildə Azərbaycanın Əməkdar artisti fəxri adı, 1990-cı ilin oktyabr ayında Xalq artisti fəxri adı ilə təltif olunub”.
Sonra söz musiqiyə verilib. Məktəbin kiçik yaşlı ifaçıları Mahur təsniflərini oxuyublar. Rəhimov Tural (Adalar qızı), Yusif Quliyev (Zabul təsnifi), İmaməli Şahbazov (Şur təsnifi), Əkbər Əliyev (Bayatı Şiraz təsnifi), Tural Vəliyev (Durna), Timurçin Məmmədli (Mahur təsnifi), Səda Tağıyeva (Sarı gəlin), Rəşxan Quluzadə və Tural Abbaslının (Mahnı təsnifləri) ifa etdikləri mahnıları tarda Nəcməddin Paşayev, udda Ceyhun Babayev, kamançada Samitxan Mürşüdov, nağarada Arif Şükürov müşaiyət ediblər.
Tədbirdə Respublikanın əməkdar artisti, professor Mirnazim Əsədullayev görkəmli xanəndə Hacıbaba Hüseynovla uzaq qastrol səfərlərində bir yerdə olduqlarından və xatirələrindən danışıb.
Sonra 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov tədbirdə iştirak edən qonaqlara məktəbin kollektivi adından minnətdarlığını bildirib.
Sonda müsabiqədə iştirak edən və uğur qazanan şagirdlər Fəxri fərmanla mükafatlandırılıb.
Məmmədhəsən MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB