Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illiyi qeyd edilib FOTOLAR
Nizami Kino Mərkəzində Xalq rəssamı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Kamil Nəcəfzadənin anadan olmasının 90 illiyi qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə rəssamın ömür yolu və yaradıcılığını əks etdirən videomaterial təqdim olunub.
Gecənin aparıcısı Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Xalq rəssamları Rafiq Nəsirov, Rafiz İsmayılov, Xalq artistləri Hacı İsmayılov, Eldar Quliyev və başqaları K.Nəcəfzadənin mənalı ömür yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından danışıblar.
Bildirilib ki, Kamil Nəcəfzadə milli kinomuzda 40-dan çox filmdə o cümlədən, Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Sən niyə susursan?”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Atları yəhərləyin” və s. filmlərdə quruluşçu rəssam kimi işləyib, istedad və bacarığı sayəsində Azərbaycan kino sənətinin inkişafına təkan verib.
Bildirilib ki, Lənkəran şəhərində dünyaya göz açan Kamil Nəcəfzadə 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. 1955-ci ildə təhsilini bitirərək Bakıya qayıdıb və “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Ömrünün 40 ilini bu işə bağlayan sənətkar onlarla dəyərli kinofilmin yaranmasında iştirak edib.
K.Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və teatr sənətində də öz sözünü deyib. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifi kimi tanınır.
Vurğulanıb ki, Kamil Nəcəfzadənin əsərləri bu gün də öz aktuallığını itirmir və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.
Natiqlər K.Nəcəfzadəni yüksək intellektə, dərin mütaliəyə, geniş dünya görüşünə malik, incəsənətin başqa sahələrinə də bələd olan bir şəxsiyyət kimi səciyyələndiriblər.
Gecədə sənətkarın sağlığında çəkilmiş sənədli film nümayiş olunub və K.Nəcəfzadə quruluşçu rəssamı olduğu bir çox filmlərlə bağlı maraqlı müsahibəsini dinləyiblər.
Tədbir iştirakçıları sənətkarın “Neft daşları”, “Köhnə şəhər”, “Qara daşlar”, “Abşeronda səhər”, “Axşam” rəsm əsərlərinə və “Uzaq sahillərdə”, “Əsas müsahibə”, “Bir cənub şəhərində”, “Mən ki gözəl deyildim”, “Sən niyə susursan?”, “Bizi bağışlayın” və digər kinofilmlərə çəkdiyi eskizləri ekrandan seyr ediblər.
Qeyd edək ki, Kamil Nəcəfzadə 2011-ci il iyunun 29-da vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB