Milli Kitab Mükafatının longlisti elan olunub

Bu gün Milli Kitab Mükafatının (MKM) longlisti (uzun siyahısı) elan olunub. SİA-nın məlumatına görə, tədbirdə MKM-nın təşkilat komitəsi, ekspertləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

İlk olaraq çıxış edən Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib ki, MKM-ə təqdim olunan 112 əsərdən 20 ən yaxşı əsərlərin və müəlliflərin adları bü gün açıqlanacaq: "Martın 29-da ekspertlər şurası qısa siyahını elan edəcəklər. Bundan sonra isə münsiflər heyəti öz işinə başlayacaqlar. Onu da qeyd edim ki, I yerin qalibi 3000, II yerin qalibi 2000, III yerin qalibi isə 1000 manat pul mükafatı ilə təltif olunacaq. Ayrıca, Amerika səfirliyi tərəfindən Amerika yazıçının ən yaxşı Azərbaycan dilindən ingilis dilindən tərcüməyə görə 1000 manat məbləğində mükafat veriləcək".

Milli Kitab Mükafatının iyirmiliyi aşağıdakılardır:

- Azər Abdulla: "Sarı tağ"

- Azər İsaak: "Marsa qayıdış"

- Aslan Quliyev: "Sonuncu"

- Azad Qaradərəli: "Qar ağlığı"

- Cavid Zeynallı: "Günəşi gözləyənlər"

- Etimad Başkeçid: "Kenterberri"

- Elşad Əliyev: "Məhşər ayağında" və başqaları

Məlumat üçün bildirək ki, MKM-nın təsisçisi "Əli və Nino" nəşriyyat evidir.

Qeyd edək ki, münsiflər heyətinin tərkibinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru, millət vəkili Rəbiyyət Aslanova, "525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, "Qanun" nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildirlər.

Qaliblərin adları mayın 31-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə