Regionlarda ustad dərsləri davam edir FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Yevlax şəhərində təşkil olunmuş “Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradıcılığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili” adlı ustad dərslər başa çatıb.

Mərkəzdən SİA-ya bildirilib ki, regionda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş ustad dərslərdə Bərdə, Yevlax, Mingəçevir və Tərtər rayonlarının mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə), klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər.

Ustad dərsləri təqdim edən mərkəzin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili qeyd edib ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır. Bu onun göstəricisidir ki, xalq teatrı istər gənc istedadların üzə çıxarılması, istər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində gənclər üçün çox lazımlıdır. Ona görə də xalq teatrlarının təbliğat maşını işləməli, yeni formatlı, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir. Bildirib ki, keçən ildə Yevlax şəhərində mərkəz tərəfindən xalq teatrlarla bağlı seminar keçirilib.

Dərslərdə Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, yüksək texnologiyalar dövründə ənənəvi teatrı ancaq müasir üsullar, müasir yanaşma yaşada bilər. Sahə üzrə mövcud problemlərin həlli yolları müzakirə edilməli, xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatlar axtarıb tapılmalıdır. Ustad dərslər çərçivəsində yeni formatda interaktiv tamaşa nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə