Azərbaycan kitabları Əbu-Dabi Beynəlxalq kitab sərgisində

Azərbaycan kitabları Əbu-Dabi Beynəlxalq kitab sərgisində
Birləşmiş Ərəb Əmirliklərində Yaxın Şərqin ən böyük kitab sərgilərindən biri olan Əbu-Dabi Beynəlxalq Kitab Sərgisinin təntənəli açılışı olub. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, respublikamızdan sərgi üzrə əlaqələndirici Elbəy Əli Əbu-Dabidən xəbər verib. O bildirib ki, martın 15-də işə başlayan möhtəşəm kitab bayramının kataloqunda Azərbaycan da yer alıb. 168 adda 265 nüsxə kitabla, ölkəmizi tanıdan çox sayda informatik bülletenlər, albomlar, büroşurlar, jurnallar və kataloqlarla tədbirə qatılan milli ekspozisiya ilk gündən böyük maraq doğurub.

Elbəy Əli vurğulayıb ki, bu ilin sentyabr ayının 26-30-u arası II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi nəzərə alınaraq il ərzində Azərbaycan kitab sənətinin uğurları dünyanın ən nüfuzlu sərgi-yarmarkalarında nümayiş etdiriləcək. London, Moskva, Frankfurt, İstanbul, Minsk və digər şəhərlərdə təşkil olunan ənənəvi sərgilər bu sıradandır.

Mövzusuna görə rəngarəng olan kitablar arasında Azərbaycan tarixinə və xalqımızın müstəqillik uğrunda mübarizəsinə, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə və həyat yoluna, müasir dövrdə dövlətimizin apardığı iqtisadi, siyasi, mədəni həyatına aid nəşrlər, eyni zamanda incəsənət, mədəniyyət, ədəbiyyat istiqamətli kitablar vardır.

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının nümayişi martın 20-nə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə