Muğam Mərkəzində Hacıbaba Hüseynovun xatirəsi anılıb

Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, muğam sənətinin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində hazırlanıb.

Qeyd olunub ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembri və texnikası olan sənətkarlardan hesab olunur. Onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə muğamın “Üşşaq” və “Hüseyni”, “Novruz-rəvəndə”, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Xanəndənin təşəbbüsü ilə “Bayatı-Şiraz” muğamının “Dilruba” şöbəsi dərsliyə əlavə olunub. Xalq yaradıcılığına da böyük diqqət yetirən xanəndə Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib. Daha sonra konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə