“Kreativ Azərbaycan” portalının təqdimatı olub

Bu gün Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilir. SİA-nın verdiyi məlumata görə, “Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunacaq, həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərəcək.

Portalın yaradılmasında məqsəd, həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir.

Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçiriləcək.

Sessiya çərçivəsində mədəniyyət, iqtisadiyyat, təhsil, məşğulluq, əqli mülkiyyət, innovasiyalar, şəhərsalma kimi mövzular müzakirə olunacaq.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...