Dekabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “YARAT” rezidentləri - Janna Qladko (Belarus), Gelare Xoşgözaran (İran/ABŞ), Ritz Monet (İtaliya), habelə Diana Hacıyeva və Şəlalə Salamzadənin (hər ikisi Azərbaycan) əsərlərindən ibarət “Emprik zaman” adlı qrup sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi öz ilhamını ümumi mənada “Zəmanənin hökmü” adlı Azərbaycan nağılından götürüb. Bu nağıl, müdrik ilanın canavarlar, qılınclar və insanlıq kimi müxtəlif dövrlərlə bağlı “öncə görmələrindən” yararlanan kasıb bir kişinin hekayəsindən bəhs edir. Kişi zəmanəyə uyğun olaraq, gah fırıldaqçılıq, gah zorakılıq, gah da alicənablıqla məşğul olur. Bu isə belə bir sual doğurur: görəsən biz zaman (zəmanə) və onun tələblərini özümüz yaradırıq, yaxud, bizim davranışımız, yaşadığımız dövrün (zəmanənin) nəticəsidir? Rəssamlar, bizim bölgəmizin keçmişini, tarixini, mifologiyasını və keçmişin bu günə, yəni, "indiki zaman" adlandırdığımız dövrə təsirini izləməklə, rezidentura ərzində yaşadıqları şəxsi “empirik zamanı” araşdırırlar.

Rəssamların əsərləri ambivalentlik (ikilik), dönüş, dəyişiklik və birgə mövcudluq anlarını araşdırmaqla yanaşı, insanın mənəvi və rəqəmsal xüsusiyyətlər vasitəsilə gələcəyi öncədən görməklə bağlı fundamental arzularına nəzər salır.

Bütün xəbərlər Facebook səhifəmizdə