Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Mitabxanada Gənclər Kitabxanası və Yaşıldərə massivi kitabxanasının 50 illik yubiley tədbiri keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Şəhər Mədəniyyət Evi ilə birgə hazırlanan tədbir kitabxanaların beş illik fəaliyyətini əks etdirən slaydın nümayişi ilə başlayıb.

Sonra tədbirə qatılan AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair, yazıçı, ədəbiyyatşünas Rafiq Yusifoğlu, yazıçı Hafiz İmamnəzərli, şairə Məryəm Aslanqızı, yazıçı Günel Eyvazlı, Sumqayıt Dram Teatrının aktyoru, Əməkdar artist İzaməddin Bağırov, şair Müqəddəs Şahbazov çıxış edərək təbriklərini çatdırıb, şeirlərindən nümunələr söyləyiblər.

Daha sonra tədbirin aparıcıları Türkan Mahmudova və Əlipaşa Paşayev mənəvi zənginliyin formalaşmasında kitabın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində kitabxanaların xüsusi rolunu qeyd ediblər.

Yubileylər münasibətilə MKS-nin direktoru Yeganə Əhmədova Sumqayıt Regional Mədəniyyət idarəsinin Fəxri fərmanlarını təqdim edib.

Tədbirdə Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Əlipaşa Paşayev, Kamil Ağayev və Sveta Aslanovanın ifasında musiqi nömrələri dinlənilb, bədii qiraət dərnəyinin üzvlərinin iştirakı ilə Xurşidbanu Natavan və Nizami Gəncəviyə həsr edilmiş səhnəciklər nümayiş etdirilib.

Sonda kitabxanaların rəhbərləri Sona Eminova və Rəhilə Ağayeva tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə