Dünyanın heyran qaldığı tariximiz və mədəniyyətimiz

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESKO-ya üzv qəbul edilib.

UNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılıb və Azərbaycan Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilib və Milli Komissiyanın tərkibi müəyyənləşdirilib.

UNESKO-ya üzv qəbul edilmiş müstəqil Azərbaycan Respublikası bu nüfuzlu təşkilatın elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən fundamental islahatlar layihəsində fəal və məqsədyönlü iş aparmaq üçün Milli Komissiya yaradıb. Ölkəmiz 27 ildir ki, UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Bu əlaqələrin inkişafında ölkənin I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb.

Canlı tarixi məkan, orijinal küçələr, əzəmətli şəhər

Qala Divarları ilə əhatə olunmuş İçərişəhər orijinal küçələri ilə əzəmətli şəhər planlaşdırmasını və nadir memarlığı özündə əks etdirir. İçərişəhər yerli sakinlərin yaşadığı canlı tarixi məkandır. İçərişəhər XIX və XX əsrlərdə Bakının dinamik şəhər inkişafından kənarda qaldığı üçün öz memarlığını və şəhər tərtibatını qoruyub saxlayıb. Bu fenomen müasir şəhərlər üçün nadir hallardandır. Şəhərin daha yuxarıda yerləşən hissələrində yalnız minarələr, Şirvanşahlar Sarayı və Qız Qalası inşa edilib.

İçərişəhərin ən qədim abidəsi Bakı şəhərinin rəmzi olan Qız Qalasıdır. Qız qalasının inşasının eramızdan əvvəl VII-VI əsrlərə aid olmasına dair fikirlər də var. Azərbaycanın memarlıq incilərindən biri olan ümumdünya dəyərli digər bir abidə XIV-XV əsrlərə aid İçərişəhərin ən yüksək nöqtəsində yerləşən Şirvanşahlar Sarayıdır. İçərişəhərin qədim abidələrinə 1078-ci ildə minarəsi ilə birlikdə tikilmiş Məhəmməd məscidi və Qız qalası yaxınlığında yerləşən IX-X əsrlərə aid olunan məscidi göstərmək olar. Bu orta əsr şəhərinin tarix və memarlıq baxımından əlamətdar və nadir xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq, 2000-ci ildə UNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil olunub və UNESCO tərəfindən tarixi və memarlıq qoruğu olaraq qorunmaqdadır.

"İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən UNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilib. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22-30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin UNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilib.

18-19 dekabr 2013-cü il tarixində Parisdə UNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə" statusu verilib.

UNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Qız qalası abidəsinə həsr olunan beynəlxalq festival 2010-cu ildən etibarən hər il qeyd edilir.

Azərbaycanın aşıq sənəti və Novruz bayramı UNESCO-da

UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirdiyi 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycanın aşıq sənəti ilə yanaşı, “Novruz” bayramı çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Mart ayında ölkənin hər yerində olduğu kimi paytaxtda da bu bayram böyük təntənə ilə qeyd edilir. İçəri şəhər ərazisində isə Qoruq İdarəsi “Novruz” bayramını daha əzəmətli şəkildə təşkil edir, turistlər, eləcə də xarici ölkələrin dövlət rəsmiləri, məşhur elm və sənət adamları İçəri şəhərdə qonaq olur.

Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.

Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri

Hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Belə ki, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunub. 2008-ci il 4-8 noyabr tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 3-cü sessiyasında Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başlayıb. Xüsusilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb olub. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib. Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Beynəlxalq Muğam festivalları, həmçinin gənc muğam ifaçılarını üzə çıxarmaq üçün təşkil olunan müsabiqələr xüsusi qeyd edilməlidir.

Qobustan beynəlxalq təşkilatların nəzarəti altındadır

2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Qobustan qayaüstü rəsmlərinə Azərbaycan alimlərinin diqqətini 1930-cu ildə cəlb edib. Azərbaycan hökuməti 1966-cı ildə qayaüstü rəsmləri əhatə edən ərazini Qobustan dövlət tarixi-bədii qoruğu elan edib.

Qoruğun bütün dünya üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hökuməti 2002-ci ildə onun Dünya İrsi Siyahısına daxil edilməsi məqsədi ilə tələb olunan sənədləri UNESCO-ya təqdim edib. Həmin məqsədlə 2006-cı ildə Qobustan Nominasiya İşi və İdarə Etmə Planı hazırlanmış və UNESCO-ya ünvanlayıb. Bu dövr ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun baş direktoru Kouşiro Matsuura Azərbaycana dəvət olunub, Qobustan abidələri ilə tanış edilib, UNESCO və İCOMOS-un ekspertləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Fəaliyyət Planına məsləhətçi dəstəyi verib, qoruğun qiymətləndirilməsini həyata keçiriblər.

Nəticədə Qoruğun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul edilib. Qərara əsasən, Qobustan da beynəlxalq təşkilatların nəzarəti altındadır, onun qorunması və inkişaf etdirilməsi həm də bəşəri əhəmiyyət daşıyır. Azərbaycan qoruqla bağlı mütəmadi olaraq hər il komitəyə məlumatlar təqdim edir.

Xalçaçılıq sənətinin beşiyi

Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisəyəgəlməz nümunələr kimi qəbul olunur. Bunun nəticəsidir ki, 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümundünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun yeni binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir.

Hələ bu siyahıya salınacaq xeyli abidələri var

Azərbaycanın tar ifaçılıq sənəti də UNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

2012-ci il dekabrın 7-də Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib.

Və nəhayət, ötən il Azərbaycanın ənənəvi at idman növü çovkan oyunu UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildi.

Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli-mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.

Cabir Məmmədov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə