Muzey Mərkəzində biennali iştirakçılarının konfransı təşkil edilib
Muzey Mərkəzində “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda biennali iştirakçılarının konfransı təşkil edilib. SİA-nın məlumatına görə, konfrans Bakıda keçirilən “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində reallaşıb.
Konfransda İngiltərədən gələn Azərbaycan əsilli Zeqam Əzizov, Rusiyadan Oleq Tatarinçev və başqaları çıxış edərək müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, müxtəlif ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik və təmayüllərin və rəssamlar arasında dialoq yaradılması baxımından belə tədbirlər mühüm rol oynayır.
Çıxışçılar müasir incəsənət sahəsində gördükləri işlərdən, bu sahənin problemləri və perspektivlərindən videoslaydlarla məlumat veriblər.
Qeyd edək ki, biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır. Budəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunub. Biennaledə bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam iştirak edib.
2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB