“Zirvə” mükafatı öz sahiblərinə təqdim olunub - FOTO

“Zirvə” mükafatı öz sahiblərinə təqdim olunub - FOTO
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı öz sahiblərinə təqdim olunub. SİA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin I müavini Vaqif Əliyev, müavinləri Ədalət Vəliyev və Sevda Məmmədəliyeva, xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Amaliya Pənahova, Tariyel Qasımov və bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Təqdimat mərasimində ilk olaraq çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, mükafat milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir: "7 nominasiya üzrə keçirilən bu mükafat Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinə bu sahədə göstərdiyi xidmətlərinə görə təqdim olunur".

Məlumat üçün bildirək ki, təsviri sənət sahəsi üzrə- xalq rəssamı, "Şöhrət" ordenli Toğrul Nərimanbəyova- Azərbaycan təsviri sənətinin inkişafı və təbliğindəki müstəsna xidmətlərinə görə, teatr sahəsi üzrə- Azərbaycan Dövlət Rus Dram Teatrına U. Şekspirin "Yay gecəsində yuxu" tamaşasına görə, musiqi sahəsi üzrə- xalq artisti, dövlət mükafatı laureatlı Fərhad Bədəlbəyliyə- Qəbələ Beynəlxalq musiqi festivalının, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi- ifaçılıq müsabiqəsinin bədii rəhbəri kimi 2010-cu ildə konsert fəaliyyətinə görə, kino sahəsi üzrə- əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımova və əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevə- Azərbaycan kino sənətinin təbliğinə görə, "Azərbaycan mədəniyyətinə dəyərli töhfə"- tanınmış rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğluna- peşəkar gənc kadrların yetişdirilməsinə görə, "Milli sərvət" bölməsi- xalq artisti, prezident təqaüdçüsü Yaşar Nuriyə- teatr və kino sahəsindəki müstəsna xidmətlərinə görə, "Debüt" bölməsi- gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Cavid Səmədova- 2010-cu ildə qazandığı yaradıcılıq uğurlarına görə təltif olunub.

Mükafat alanlar sırasında olan xalq artisti Fərhad Bədəlbəyli açıqlamasında qeyd edib ki, aldığı mükafatın hesabına Bakıda internat məktəblərindən birinə piano hədiyyə edəcək: "Həmin əldə etdiyim pula ehtiyacı olan uşaqlara piano alacam. Çünki buna onların çox böyük ehtiyacı var. Onların nə vaxtsa biz Fərhad Bədəlbəylinin bizə aldığı pianoda çalırıq deməsi mənim üçün ən böyük mükafatdır".

Qeyd edək ki, "Zirvə" mükafatı 2007-ci ildə təsis olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə