TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə 2011-ci ilin 24 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında "Novruz təbrikləri" adlı tədbir keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbirdə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblının 10 nəfərdən ibarət kollektivinin (9 oğlan, 1 qız) və əməkdar artist Gülyanaq Məmmədova (xanəndə), Ehtiram Hüseyinov (xanəndə), əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurovun (kamança) daxil olduqları muğam dördlüyündən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.
Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva respublikaları, habelə Moldova Respublikasının Qaqauz Muxtar Qurumun incəsənət ustaları təmsil olunacaqlar.
Tədbir çərçivəsində Novruz bayramına aid şirniyyat və milli mətbəx nümunələri (boyanmış yumurtalar, paxlava, şəkərbura, quru meyvələr və s.) xonçalarda tamaşaçılara təqdim olunacaqdır.
Türk respublikalarının mədəniyyət nazirlikləri və TÜRKSOY Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən bu böyük mədəniyyət tədbirində BMT-nin rəsmi nümayəndələri, diplomatlar və dövlət xadimləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB