Qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda FOTOLAR

Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar noyabrın 19-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar. SİA-nın məlumatına görə, əvvəlcə qonaqlar Fondda türk dünyasının tarixindən, mədəniyyət və irsindən bəhs edən eksponatlara baxıblar.

Qonaqları salamlayan Fondun prezidenti Günay Əfəndiyeva təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Fond Prezident İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib.

O, Fondun binasının rəsmi açılış mərasiminin bu ilin oktyabrında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısı çərçivəsində üzv ölkələrin xarici işlər nazirlərinin və beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı gerçəkləşdiyini söyləyib.

G.Əfəndiyeva görüşdə iştirak edən Cəlil Məmmədquluzadənin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşirə mütəfəkkir və yazıçının həyatından danışıb. Ağır həyat sürdüyünə baxmayaraq, əsərlərindəki incə yumorla xalqının təfəkküründə işıq yandırmaq istədiyini bildirib.

Türkdilli xalqların mədəniyyəti və irsinin öyrənilməsi, qorunması və təşviq edilməsi istiqamətində Fondun gördüyü işlərdən danışan Günay Əfəndiyeva böyük ədibin anadan olmasının 150 illik yubileyinin xarici ölkələrdə, o cümlədən Polşada da keçirilməsini təklif edib.

Görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin türk dünyası və xalqlarının irsi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Deyib ki, bu ocaq türk dünyası və onların mədəni tədbirləri üçün gözəl bir məkandır. Burada keçirilən tədbirlər türkdilli xalqların daha da yaxınlaşmasına öz töhfəsini verəcək.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna ilk gəlişinin böyük mütəfəkkirin xatırlandığı günlərə təsadüf etdiyindən məmnun olduğunu, bu ocaqda türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlərin görüləcəyinə inamını ifadə edib. Eyni zamanda, o, TÜRKSOY-un bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə tərcümə edən yazıçı Hemidulla Baltabayev Özbəkistan da bu ildən etibarən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmasından məmnunluğunu ifadə edib.

Tədbirdə Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun nümayəndəsi İvan Xristov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu ilə Bolqarıstandakı türk izlərinin öyrənilməsində birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Söyləyib ki, belə əməkdaşlıq nəticəsində mədəni və ədəbi əlaqələr güclənəcək.

Sonda Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycana dəvət mənim üçün gözlənilməz oldu. Ona görə də öz oğlumu da ulu babamızın vətənini görməyə gətirdim. Çox şadam ki, mənim ulu babam Azərbaycan mədəniyyətinə belə böyük töhfələr verib. Ümid edirəm ki, Fondla əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

Sonda qonaqlar Fondun kitabxanasına qiymətli kitablar bağışlayıblar. Öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara xatirə hədiyyələri təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə