İsmayıl Şıxlının xatirə lövhəsinin açılışı olub

İsmayıl Şıxlının xatirə lövhəsinin açılışı olub
Bu gün xalq yazıçısı İsmayıl Şıxlının vaxtilə yaşadığı binada (Üzeyir Hacıbəyov, 27, Hökumət evi ilə üzbəüz) xatirə lövhəsinin açılışı olub. SİA-nın məlumatına görə, açılışda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca və digər ədəbiyyat və sənət adamları, ziyalılar və yazıçının qohumları iştirak ediblər.

İlk olaraq çıxış edən nazir müavini Ədalət Vəliyev bildirib ki, İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatında nadir qələmə sahib olan görkəmli simalardan biri olub: "Özünə ədəbiyyat və mədəniyyət tarixində ömürlük səhifə yazan dahi yazar Azərbaycan ədəbiyyatının ən parlaq simalarındandır. Yazıçının məşhur "Dəli Kür" romanı və roman əsasında çəkilən eyni adlı film onu milyonların sevimlisinə çevirib, həm ədəbiyyat, həm kino ictimaiyyəti arasında böyük qələm sahibi kimi şöhrətləndirilib. Hesab edirəm ki, onun əsərləri hələ bundan sonra da yüz illər boyu yaşayacaq".

Daha sonra AYB-nin sədri Anar çıxışında qeyd edib ki, o, ədəbiyyat nəsrində şah əsərlər yaradan ziyalılardan biridir: "İsmayıl Şıxlı tək yazıçı kimi yox, həm də kübar bir insan kimi yaddaşlarımızda həkk olunub. Onun son qələmə aldığı əsəri isə "Mənim ölən dünyam" idi".

Çıxışlardan sonra Ədalət Vəliyev xatirə lövhəsini açıb.

Məlumat üçün bildirək ki, yazıçının müxtəlif illərdə 20-dən artıq kitabı nəşr edilib. O, Azərbaycan Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru kimi məsul vəzifələrdə çalışıb. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı", İkinci dərəcəli "Birinci Dünya müharibəsi" ordenləri və medallarla təltif edilib, Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə