“Altiplano” ilə Azərbaycan musiqiçilərinin birgə konserti ilə bağlı mətbuat konfransı keçirilib

“Altiplano” ilə Azərbaycan musiqiçilərinin birgə konserti ilə bağlı mətbuat konfransı keçirilib
Bu gün İncəsənət Gimnaziyasında Ekvadordan olan "Altiplano" musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə iştirak edəcəyi konsertlə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən xalq artisti Siyavuş Kərimi bildirib ki, Azərbaycan müxtəlif festival və layihələrlə dünya musiqi mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdədir: "Belə layihələrdən biri də martın 15-də Heydər Əliyev sarayında keçiriləcək möhtəşəm konsert proqramı ilə musiqisevərlərimizi sevindirəcək. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilir. Layihədə Cənubi Amerikadan – Ekvadordan – olan "Altiplano" musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə iştirak edəcəyi sintez musiqisi səslənəcək".

Bu layihəni həyata keçirməkdə əsas məqsədin Azərbaycanın milli musiqisini Avropa ölkələrində tanıtdırmaq olduğunu deyən S. Kərimi: "Latın Amerikasının mahnılarına ona görə önəm veririk ki, oranın musiqiləri digər ölkələrdə çox yaxşı tanınır. Hesab edirəm ki, bu ölkənin musiqiləri ilə Azərbaycanın mahnılarını sintez edib tanıtdırmaq mümkün olacaq".

Məlumat üçün bildirək ki, xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə 2002-ci ildə bir araya gələn Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda baş tutan konsertlə başlayıb. Həmin konsertdən sonra "Altiplano" qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınıb, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün hazırlanıb. Bu müddət ərzində Azərbaycanın aparıcı musiqiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülbüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyevə, Lalə Məmmədova, eləcə də instrumental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Abdulrəhimovun ifaları lentə alınıb. Əldə olunan musiqi nömrələri 2007-ci ildə Norveçin "Kirkelis Kulturverskted" şirkəti ilə bağlanan müqaviləyə əsasən həmin ildə "Transatlantic Non-Stop" marka adı altında hazırlanan alboma daxil edilib. 2007-ci ilin aprel ayı üçün Moskvanın "Dünya Albomları" musiqi onluğuna daxil olub.

Sonrakı illərdə Avropa dinləyicilərinin marağını qazanmaqla, albom olaraq satış göstəricilərinə görə özünü doğruldan "Transatlantic Non-Stop" Azərbaycan musiqisinin dünya dinləyicisinə aydın çatdırılması və təbliğində əhəmiyyətli və effektli layihələrdəndir.

Qeyd edək ki, hal-hazırda konsert üçün Bakıda hazırlıqlarını davam edən "Altiplano" və musiqiçilərimiz 15 mart saat 19:00-da Heydər Əliyev sarayında gənc və istedadlı Muğam ifaçıları ilə birgə çıxış edəcəklər. Biletlərin qiyməti 10 manatdan-40 manata qədərdir. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə