Gənc rəssamlarımız Qazaxıstanda rəsm müsabiqəsinin qalibi olublar

Qazaxıstanın Xarici İşlər Nazirliyində “Qazaxıstan dünya uşaqlarının gözü ilə” adlı birinci beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

SİA xəbər verir ki, müsabiqə dünya uşaqlarını Qazaxıstan, onun tarixi, mədəniyyəti, coğrafiyası ilə tanış etmək, habelə uşaqların şəxsi və yaradıcılıq potensialının inkişafına şərait yaratmaq məqsədilə təşkil edilib.

Müsabiqədə Azərbaycan, Belarus, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdən 7-16 yaşarası gənc rəssamlar 400-dən çox əsəri ilə iştirak edib.

Bu müsabiqədə Azərbaycandan Fidan Muradova Qran-pri, Dəniz Abuşeva birinci yer, Aysu Məmmədli isə üçüncü yeri tutublar.

“Qazaxıstan xalqının nağılları və əfsanələri”, “Qazaxıstan tarixi”, “Qazaxıstanın mənzərələri”, “Qazaxıstanın müqəddəs yerləri”, “Xalq bayramları” və “Qazaxıstan xalqının adət və ənənələri” kimi mövzuların təklif olunduğu müsabiqənin yekununda Qazaxıstanın Xarici İşlər Nazirliyinin binasında gənc rəssamların 70-dək əsərinin yer aldığı sərgi açılıb.

Qaliblərə mükafatlar və təşəkkür məktubları təqdim edən Qazaxıstan Xarici İşlər Nazirinin müavini Roman Vasilenko bildirib ki, “Qazaxıstan dünya uşaqlarının gözü ilə” müsabiqəsi ölkəmizi tanıtmaqda bir addımdır. Müsabiqədə müxtəlif ölkələrdən olan uşaqların iştirakı Qazaxıstana gənc istedadların böyük marağından xəbər verir. Nazir müavini hər il belə yarışmanın keçirilməsinin yaxşı bir ənənəyə çevriləcəyinə və iştirakçıların coğrafiyasının genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə