Siyavuş Kəriminin yeni layihəsi: Azərbaycan musiqiçiləri və “Altiplano”

Siyavuş Kəriminin yeni layihəsi: Azərbaycan musiqiçiləri və “Altiplano”

Azərbaycan müxtəlif festival və layihələrlə dünya musiqi mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdədir. Belə layihlərdən biri də 15 mart tarixində Heydər Əliyev sarayında keçiriləcək mötəşəm konsert proqramı ilə musiqisevərlərimizi sevindirəcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Konsert "Mədəniyyət və Turizm Nazirliyi" və "Azərbaycan Milli Konservatoriya"sının təşkilatçılığı ilə keçirilir. Layihədə Cənubi Amerikadan – Ekvadordan – olan "Altiplano" musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə iştirak edəcəyi sintez musiqisi səslənəcək.

Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə 2002-ci ildə bir araya gələn Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda baş tutmuş konsertlə başlamışdır. Həmin konsertdən sonra "Altiplano" qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınmış, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənilib hazırlanmışdır. Bu müddət ərzində Azərbaycanın aparıcı musiqiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülübüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyevə, Lalə Məmmədova, eləcə də instrumental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Abdulrəhimovun ifaları lentə alınmışdır. Əldə olunmuş musiqi nömrələri 2007-ci ildə Norveçin "KİRKELİS KULTURVERSKTED" şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ildə "TRANSATLANTİC NON-STOP" marka adı altında hazırlanmış alboma daxil edilib. 2007-ci ilin aprel ayı üçün Moskvanın "Dünya Albomları" musiqi onluğuna daxil olub.

Sonrakı illərdə Avropa dinləyicilərinin marağını qazanmaqla, albom olaraq satış göstəricilərinə görə özünün doğruldan "TRANSATLANTİC NON-STOP" Azərbaycan musiqisinin dünya dinləyicisinə aydın çatdırılması və təbliğində əhəmiyyətli və effektli layihlərdəndir.

Hal-hazırda konsert üçün Bakıda hazırlıqlarını davam edən "Altiplano" və musiqiçilərimiz 15 mart saat 19:00-da Heydər Əliyev sarayında gənc və istedadlı Muğam ifaçıları ilə birgə çıxış edəcəklər. Biletlərin qiyməti 10 manatdan-40 manata qədərdir. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə