Timur Əsgərov “Silviya” baletində Amintanın partiyasını ifa edəcək

Timur Əsgərov “Silviya” baletində Amintanın partiyasını ifa edəcək

Dekabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Leo Delibanın “Silviya” üçpərdəli baleti nümayiş olunacaq. SİA-nın məlumatına görə, səhnə əsərində Amintanın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Silviya” baletinin dünya premyerası (Lui Merantın xoreoqrafiyasında) 1876-cı ildə Parisdə olub. Baletin Frederik Aştonun xoreoqrafiyasında premyerası 1952-ci ildə Londonda Kral Opera Teatrında keçirilib. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il aprelin 3-də oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamına əsasən Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə