"UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir"

"UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir"

Bakı səhərinin UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir. Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

V.Eyvazzadə söyləyib ki, bu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Bu şəhərlərin sırasında Azərbaycan paytaxtı Bakı şəhəri də yer alıb. Qeyd edib ki, 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.

Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

Vurğulanıb ki, UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər.

O qeyd edib ki, Mədəniyyət və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.

"Ölkəmizin mədəniyyətinin inkişafı, dünyada təbliği və təşviqi istiqamətində çoxsaylı işlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu yöndə xidmətləri əvəzsizdir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsində Bakının son illər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəlməsi, əlbəttə bütün bunlar şəhərimizin brendləşməsinə zəmin yaradan amillərdəndir", - deyə V.Eyvazzadə bildirib.

Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə