Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin “Kənd namusu” operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, bu operanın ilk tamaşası 17 may 1890-cı ildə Romanın "Konstans" teatrında keçirilib. Opera son dərəcə gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Kənd namusu" operası ilk dəfə 2015-ci ildə Almaniyalı rejissor Lüdviq Bauman tərəfindən səhnəyə qoyulmuşdu. Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrok idi. Həmin vaxtdan Teatrın repertuarına daxil edilən bu operanın hər tamaşası sənətsevərlər tərəfindən böyük maraqla qarşılanır və geniş tamaşaçı auditoriyası toplayır.
Bu dəfə də tamaşanı idarə etmək üçün Bavariya Qut-İmmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok dəvət olunmuşdur. Qeyd edək ki, Korneliya fon Kerssenbrok artıq uzun illərdir ki, Azərbaycan Opera və Balet Teatrı ilə sıx əməkdaşlıq edir.
Tamaşada Teatrın aparıcı solistlərindən Xalq artisti Samir Cəfərov (Turiddu), Əməkdar artistlər Afaq Abbasova (Santutsa), Səbinə Vahabzadə (Lüçiya), solistlər Taleh Yahyayev (Alfio) və Nina Makarova (Lola) çıxış edəcəklər.
Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB