İstedadlı və kreativ rəssamın “Meraki” adlı sərgisi açılacaq
Noyabrın 2-də Müasir İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı rəssam Nərmin Sadıqovanın “Meraki” adlı fərdi sərgisi açılacaq.
Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, sərgidə rəssamın müxtəlif janrlarda yaratdığı əsərlər sərgilənəcək.
Nərmin Sadıqova özünəməxsus üslubu, rolu və rəssamlıqda maraqlı kreativ ideyaları ilə seçilir. Rəssam daim yeniliklərin axtarışındadır. Hər bir əsər üzərində işləyərkən özünü, duyğusu və hisslərini kətanda əks etdirir, müvafiq boyaları əlavə edərkən isə sanki onları canlandırır. Sərginin adı ideyası da məhz buradan yaranmışdır. Meraki, özünüzü (ruhunuzu, yaradıcılığınızı və ya sevginizi) işinizdə əks etdirərkən, nəyin baş verdiyini təsvir etmək üçün müasir yunanlar tərəfindən tez-tez istifadə etdiyi bir sözdür.
Rəssam hesab edir ki, özünü inkişaf etdirmək üçün incəsənətlə maraqlanan həmkarlarından və dostlardan rəy almaq lazımdır. Belə bir sərginin keçirilməsində məqsədlərindən biri ictimaiyyətin diqqətini bədii yaradıcılığa cəlb etməkdir.
Qeyd edək ki, Nərmin Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Xarici Dillər Universitetini bitirib. 2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr dərəcəsini alır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2012-ci ildə "Four Seasons" otelində xeyriyyə xarakteri daşıyan rəssamın ilk fərdi sərgisi açılıb. 2013-cü ildə "Bakının işıqları" adlı rəsm müsabiqəsinin qalibi olub. Azərbaycanın digər rəssamları ilə birlikdə ölkəmizi xaricdə - İtaliya, Latviya, Türkiyə və digər ölkələrdə təmsil edib. 2016-cı ildə Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə "1969" qalereyasında "Momentous"adlı növbəti uğurlu fərdi sərgisi keçirilib.
Heydər Əliyev Fondu və “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif sərgilərin iştirakçısı olub.
Əsərlərində portretlərdən, mənzərələrdən, etüdlərdən və natürmortlardan geniş istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB