“Quş dili” maraqla qarşılanıb

“YUĞ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşasını növbəti dəfə nümayiş olunub. SİA-nın məlumatına görə, rejissoru Əbdülqəni Əliyev, mətninin müəllifi Təranə Vahid olan səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak ediblər.

Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə