Aktyorun taleyi... Qabil İbrahimli - 60

(Portret cizgiləri)

Qabil İbrahimli: “Cəmiyyətin kiçildilmiş modeli olan teatr, özü də bir müqəddəs məbəddir. Bu, müqəddəs məbəddə çalışanlar isə bura sədaqətlə qulluq etməlidirlər”

1985-ci ilin may ayında Azərbaycan Mədəniyyət Nazirliyi məni Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına Məhərrəm Əlizadənin “İlk qurban” pyesinə quruluş vermək üçün göndərmişdi. Pyes zəif olduğuna görə bir neçə rejissora həmin pyes təklif olunsa da, onlar tamaşaya hazırlamaqdan imtina eləmişdilər. Bu pyes də Mədəniyyət Nazirliyinin planında idi. Ona görə də, hökmən tamaşaya qoyulmalı idi. Teatrın rəhbərliyi həmin pyesi mənə verdi və oxudum. Gördüm ki, pyes zəif olsa da, onu yenidən işləməklə, maraqlı tamaşa hazırlamaq olar. Özüm dramaturq olduğuma görə bir neçə günün içində həmin pyesi yenidən işlədim. Müəllifin pyesindən çoxlu epizodları çıxarıb, özümdən də əlavələr elədim və maraqlı bir pyes yarandı. “İlk qurban” pyesini işlədiyim günlərdə tearda məşqləri gedən Səməd Vurğunun “Fərhad və Şirin” pyesinin məşqlərinə də baxırdım. Açığı tamaşa bədii özfəaliyyət təsiri bağışlayırdı. Aktyorların geyimləri və hətta üzrlərinə sürtdüyü qrim də çox primitiv səviyyədə idi. Tamaşanı hazırlayan rejissor məşqdən sonra tamaşa haqqında mənim fikrimi öyrənmək istədi. Mən elə aktyorların yanında tamaşa haqqında, onların primitiv oyunu, rejissor işinin zəifliyi və tamaşanın uğurlu olması üçün hansı işləri görməyi təklif elədim. Rejissor və aktyorlar da mənimlə razılaşdılar. Məcbur olub, həmin tamaşanı yenidən işlədilər. Həmin əsərin məşqlərinə baxanda yeni hazırlayacağım “İlk qurban” tamaşasının rollarını böldüm və qısa vaxtda da tamaşanı böyük uğurla hazırlayıb, təhvil verdim. Bu tamaşanın uğurunu görən teatr rəhbərliyi Mədəniyyət Nazirliyindən xahiş elədi ki, mən gəlib bu teatrda yenə də tamaşalar hazırlayım. Həmin vaxtı mən Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İstitutunun rejissorluq fakültəsinin 5-ci kursunda ( qiyabi) oxuyurdum. Sumqayıt Dövlət Dram Teatrında aktyor və Sumqayıt Gənclər Xalq Teatrında rejissor işləyirdim. Mədəniyyət Nazirliyi məni həmin ilin sentyabr ayında Ağdam Dövlət Dram Teatrına təyinatla quruluşçu rejissor vəzifəsinə göndərdi. Qısa vaxtın içərisində bütün kollektiv mənim ətrafına toplaşdı və mən bir-birinin ardıca bir neçə yüksək səviyyəli pyeslərə uğurlu quruluşlar verdim. Həmin tamaşalar haqqında respublika mətbatında çox maraqlı ressenziyalar yazılırdı. Azərbaycan Dövlət Televiziyada bu tamaşalar haqqında verilişlər çəkib göstərilirdi.

Mənim qurluş verdiyim bu tamaşalarda teatrın cavan aktyorlatrından biri Qabil İbrahimli də maraqlı rollar oynayırdı. Özünə qarşı çox tələbkar idi və oynadığı rollar bir-birindən fərqlənirdi. Kollektivin istəyi və o vaxtlar Ağdam rayonunun birinci katibi olan, dəyərli ziyalı, ədəbiyyatın, mədəniyyətin, incəsənətin inkişafında əvəzsiz xidmətləri olan Sadıq Murtuzayevin təkidi ilə az bir vaxtda mən, Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru təyin oldum. (Bədii rəhbər və direktor.)

Qabil əslən Mingəçevirdən olduğuna görə 1988-ci ilin sentyabr ayından həmin şəhərə getdi və Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi öz işini davam etdirdi. Onun oradakı uğurlarını, teatr rəhbərləri ilə konfliktlərini də eşidirdim... Bilirdim ki, Qabil İbrahimli həm savadlı və həm də sözü üzə deyəndir. Əlbəttə, rəhbər vəzifələrdə işləyənlərin də çoxu belə adamları sevmirlər...

Tale elə gətirdi ki, 2019-cu ilin sentyabr ayının 2-dən Mingəçevir Dövlət Dram Teatrında tanınmış yazıçı, ictimai xadim, dəyərli ziyalı Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanı əsasında Nəriman Ocaqlı və Ağalar İdrisoğlunun səhnələşdirdiyi eyni adlı pyesin məşqlərinə başladım və bu tamaşanın oktyabr ayının 25 və 26-da ilk premyeraları oldum. Tamaşa tamaşaçılar tərəfindən çox yüksək qarşılandı. Bu tamaşada Qabil İbrahimli də çox maraqlı bir obraz yaradır. Onun oynadığı rol Nadir həkim çətin roldur. Hər dəqiqə düşdüyü vəziyyətlərdə çox asanlıqla dəyişir. Belə rolu oynamaq üçün də aktyorda ilk öncə böyük istedad, böyük səhnə və həyat təcrübəsi, yaxşı müşahidə qabiliyyəti tələb olunur. Biz, Qabillə çalışdıq ki, bu rolu obraz səviyyəsinə qaldıraq. Tamaşanın təhvili prosesində öyrəndim ki, oktyabr ayının 27-də Qabil İbrahimlinin 60 yaşı tamam olur. Belə qərara gəldim ki, onun haqqında yazım və çoxminli oxucularımıza, Azərbaycan ictimaiyyətinə belə bir maraqlı aktyoru daha yaxından tanıdım.

Qısa arayış: Qabil Mahmud oğlu İbrahimli 1959-cu ilin oktyabr ayının 27-də Mingəçevirdə anadan olub. İlk ibtidai və orta təhsilini bu şəhərdə alıb. Latviya Respublikasında hərbi xidmətdə olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. Amma aktyor sənətinə maraq, onu Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət İncəsənət Universiteti) aktyorluq fakültəsinə gətirib. Burada teatr sənətinin karifeyləri Adil İngəndərovdan, Mehdi Məmmədovdan teatr sənətinin sirlərini mükəmməl öyrənib.

Ömrü böyük keşməkeşlərdən keçən, həyatın ən ağır zərbələrinə davam gətirən və amma bütün çətinliklərə baxmayaraq, sevdiyi teatr sənətindən ayrılmayan Qabil İbrahimli ilə oturub, Azərbaycan teatrının, əsasən də bölgə teatrlarının bugünkü durumu ilə bağlı fikir mübadiləsi apardıq.

-Siz, Mingəçevirdə jurnalistika səhəsində tanınmış simalardan birisiniz. Bu vaxta qədər 500-dən çox maraqlı məqalələr, oçerklər, portret, publisist yazılarıız çap olunub. Savadına görə yaxşı filoloq da ola bilərdiniz. Bəs necə oldu ki, teatr sənətinı seçdiniz?

- Bu, yəqin alın, tale yazısıdı. Belə ki, mən hələ orta məktəbin ibtidai sinifində oxuyandan bu sənətə böyük marağım olub və məktəbin özfaliyyət dərnəyində, həm də tez-tez məktəb tədbirlərində iştirak etmişəm. Sonralar, yəni təxminən 5-ci sinifdə oxuyandan şəhərimizdəki Səməd Vurğun adına Mədəniyyət Evində dram dərnəyinə üzv olmuşam və orta məktəbi bitirənə qədər bu dərnəyin ən fəal üzvlərindən biri kimi tanınmışam. Bu dərnəkdəki ilk müəllimlərim Ağagül Əliyev, Zabit Soltanov və maraqlı aktyor Mirbaba Xəlilov olublar.

Amma mərhum valideynlərim aktyor olmağımı istəmirdilər. Ona görə də onların istəyilə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuşam.. Amma orada təhsil alanda da dərslərə könülsüz gedirdim. Sonralar teatr sənətinə olan sonsuz sevgim məni Dövlət İncəsənət İnstitutuna gətirdi. Mən İnstitutda hələ tələbə olarkən professor, SSRİ Xalq artisti, müəllimim Mehdi Məmmədovun təkidi ilə İnstitutun Tədris Teatrına aktyor kimi işə qəbul olundum. O vaxtlar həmin Tədris Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, sonralar Yuq Dövlət Teatrını yaradan Vaqif İbrahimoğlu idi (o vaxtlar Vaqif Həsənov idi). Onun quruluş verdiyi bütün tamaşalarda müxtəlif səpkili rollar oynamışam. Sonralar bu teatrda struktur dəyişikləri oldu və Vaqif İbrahimoğlu Musiqili Komediya Teatrına baş rejissor getdi və sonra Yuq Dövlət Teatrını yaratdı. Mən də ali məktəbi bitirdim və təyinatımı Ağdam Dövlət Dram Teatrına verdilər. Onu da qeyd edim ki, Ağdamı da mən özüm seçdim. Çünki həmin vaxtı Ağdamda Sadıq Murtuzayevin rəhbərliyilə gedən abadlıq, quruculuq işləri çox yüksək idi. Həm də onun sayəsində Ağdamda mədəniyyətin, incəsənətin inkişafından çox yazırdılar. Əlbəttə, Bakıda qalmaq şansım daha çox idi. Nə bilim cavan idim də. Guya sənət fədaisi idim (gülür). Bakı məni özünə bağlaya bilmədi. Sonralar da ailə həyatı qurdum. Aktyor taleyimi Mingəçevir Dövlət Dram Teatrında davam etdirdim. Bəlkə də sonralar Bakıya qayıtmamağı düz eləmədim. Böyüyüb boya başa çatdığım şəhəri daha üstün tutdum. Amma, illər keçəndən sonra çox şeyləri daha dərindən başa düşdüm. Həm də başa düşdüm ki, bu sənət üçün münbit şərait, kim nə deyir desin, yalnız Bakıdadır. Ataların da belə bir məsəli var: “Balıq, dəryada daha yaxşı inkişaf eləyə bilər”. Aktyorun inkişafı üçün Bakıda tanımış teatrlar, televiziyalar, kino-studiyalar var. Təbliğat üçün əsas mətbuat da Bakıdadır. Bu, əlbəttə, bizim Respublikada belədi. Amma dünyanın inkişaf eləmiş respublikalarında əyalət teatrlarına daha çox fikir verilir. Onlar lazım olan kimi təbliğ olunurlar.

-Filoloq müəllim olmadığınız üçün peşimansınızmı?

-Hal- hazırda düzünü desəm bəli, peşimanam. Deyirlər ki, yaxşı müəllim ola bilərdim. Çünki mütaliəm indi də çox güclüdür. Dünya ədəbiyyatını pis bilmirəm. Hələ orta məktəb illərindən çox güclü mütaliyəçi olmuşam. Uzun illərdir ki, məqalələrim, oçerklərim, portret yazılarım tez-tez “Mingəçevir işıqları” qəzetində mütəmadi çap olunur. Mənim teatr sənətindəki peşimançılığım da odur ki, hələ sovetlərin vaxtından Azərbaycanda əyalət teatrlarının aktyorları öz layiqli qiymətlərini almırlar. Çünki onlar, efirlərdən, ekranlardan, mərkəzi mətbuatlardan xeyli uzaqdadırlar. Respublika tamaşaçıları onları yaxşı tanımır. Amma əslinə qalsa teatr sənətinin əsl fədailəri mərkəzdən uzaqdakı əyalət teatrlarında işləyirlər. Çünki onlar fəxri adsız, qiymətsiz, Prezident mükafatı, Prezident təqaüdü almadan, az əmək haqqı ilə taqətdən düşənədək özlərini teatr deyilən məbədə qurban verirlər. Elə uzun illər işlədiyim Mingəçevir Dövlət Dram Teatrında Allah vergisi olan, yüksək istedadlı, böyük obrazlar qalereyası yaradan aktyorlar, aktrisalar heç bir fəxri adlar almadan dünyalarını dəyişiblər. Onlar haqqında saralmış 5-10 qəzet məqaləsi, ressenziya, oynadıqları tamaşalardan 20-30 foto şəkil və oynadıqları bir-iki televiziya tamaşası yadigar qalıb. Bu dəhşətdir, elə deyilmi? Məgər bu, haqsızlıq deyilmi? Deməli, oların bir günahı vardı. O da əyalət teatrlarında işləmələri idi...

-Bildiyimə görə siz ölkə Prezidentinin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunmusunuz.

- Bəli. 2018-ci ildə, teatrımızın 50 illik yubileyində mən və iki aktyor həmkarım “Tərəqqi” medalı ilə təltif olunublar. Amma teatrımızda fəxri adlar almağa layiq çoxlu aktyorlar, aktrisalar var ki, onların heç birinə fəxri adlar verilmədi. Axı onların çoxu bütün həyatını teatra sərf eləyiblər və çoxlu maraqlı rollar da oynayıblar. Məgər bu, haqsızlıq deyilmi?..

-İşlədiyiniz Tədris Teatrı, Ağdam və Mingəçevir Dövlət Teatrlarında əldə etdiyiniz uğurlara görə özünüzü hansı rejissorlara borclu hesab edirsiniz?

- Peşəkar teatrda ilk rejissorum Vaqif İbrahimoğlu olub. Ondan çox şey öyrənmişəm. Ağdam Dövlət Dram Teatrında Məmmədkamal Kazımov, Ağalar İdrisoğlu da mənim yaxşı rollar oynamağım və bir aktyor kimi püxtələşməyimdə çox işlər görüblər. Təbii ki, Ağdamda işlədiyim müddətdə sizin qoyduğunuz bütün tamaşalarda aparıcı rolları oynamışam. Bunu siz bildiyiniz üçün adlarını sadalamıram. Amma səmimi etiraf eləyim ki, məşqlərdə sizi də, mərhum Məmmədkamal Kazımovu da çox incitmişəm. Neynəmək olar. Cavan olmuşam və həm də o vaxtlar çox ərköyün, səbirsiz idim. Yaradıcı işdə belə şeylər olur. Bunu üzürlü hesab etmək olar. Amma mənə verilən rolları çalışırdım ki, yaxşı oynayım. Mingəçevirdə rejissorlar- Zülfüqar Abbasovun, İldırım Cabbarın və Füzuli Sərkərovun da mənim inkişafımda xidmətləri çox olub.

- Ömrünün 40 ilini peşəkar teatra həsr edən Qabil İbrahimlinin Azərbaycan Teatrı haqqında özəl fikirləri hansılardı?

-Birincisi Dövlət Teatrları arasında fərq qoyulmamalıdır ki, bu mərkəzdədir, bu ətyalətdədir. Çünki Teatrlar hamısı səhnə həyatı yaşayırlar. Səhnə isə bir başa dövlətin tribunasıdır. Biz, sənətçilər də hamımız bu tribunadan birinci növbədə dövləti və dövlətəçiliyimizi təbliğ edirik. Elə məhz bizim birgə amalımıza görə də biz, mərkəzdən uzaqda olan teatrlar, kino filimlərdə, televiziya ekranlarında, mətbuatda və sairə yerlərdə daha çox təbliğ olunmalıyıq. Çox fəəssüf ki, ekranlardakı seriallarda əksər vaxtlar qeyri peşə sahiblərini görürük ki, onlar rollar oynayırlar. Fəxri adları və Prezident mükafatlarını, Fərdi təqaüdləri də ən çox mərkəzdə olan teatr kollektivlərinin aktyorlarına, aktrisalarına verirlər. Çünki onlar efir vasitəsilə tanınıb, təbliğ olunurlar. Amma əyalət teatrlarında olan aktyorların, aktrisaların çoxu onlardan daha istedadlı, daha bacarıqlıdırlar. Əgər söhbət Azərbaycan teatrlarından gedirsə, qoy yuxarıda əyləşən məmurlar, Bakıda olan televiziyaların rəhbərləri, həmin serialları və kino filmləri çəkən rejissorlar bölgələrdəki Azərbaycan teatrları ilə də maraqlansınlar. Gəlib bu teatrların tamaşalarına baxsınlar. Onda səhv etdiklərini başa düşərlər. Onlar bu teatrlarda çoxlu aktyorlar, aktrisalar kəşf eləyərlər.

-Aktyorun yüksək peşəkar yetişməsində nələr əsas olmalıdır?

-İstedad bu mütləqdir. İstedadı istiqamətləndirən yaxşı rejissor, yaxşı repertuar, bir də ki, yüksək savad və mütaliə də əsasdır. Aktyor hər gün öz üzərində çalışmalıdır. Mən demirəm ki, aktyor mütləq ali təhsilli olmalıdır yox. Amma savadlı olmaq, məlumatlı, mütailəsi mütləq olmalıdır. Vallah mən elə aktyorlar tanıyıram ki, onlar nəyinki kitab, heç illərlə qəzet belə oxumurlar. Aktyor ən yüksək intellektul səviyyədə və hər şeydən xəbərdar olmalıdır. Bu yüksək səviyyə də peşəkarlığın açarıdır. Bu açarı əldə etmək üçün dediyim kimi mütaliə etmək, səhnənin sirlərini dərindən öyrənmək, yaxşı pyeslərdə rollar oynamaq, dünya teatr sənətini mükəmməl bilmək çox vacibdir.

-Sizin Mingəçevir Teatri ilə bağlı mətbuatda bir çox yazılarınızı oxumuşam...

-Bəli, elədir. Mən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Demək olar ki, elə 40 ildir mətbuat üçün yazılar yazıram. Teatrımızın bütün tamaşaları haqqında böyük resenziyalar, məqalələr, çoxlu yaradıcı şəxslər haqqında portret yazıları ilə mətbuatda çıxışlar edirəm. Fikirləşirəm k, bunu mən etməsəm bəs onları kim təbliğ etməlidir? Axı aktyorların çoxu səhnədən uzaqlaşanda onlardan gələcək nəsillərə çox vaxt yalnız tamaşalarda oynadığı rollardan foto şəkillər və onun haqqında yazılan məqalələr qalır... Bax budur aktyorun acı taleyi...

-Ömrünün 60 ilini arxada qoyan Qabil İbrahimli nələrə görə özünü peşiman hesab edir?

-Yaxşı bir atalar sözü var: “Sonrakı peşimançılıq fayda verməz”. Mən bəzi narazılığımı əvvəlcədən bildirdim. Region, əyalət sənətçilərinə laqeyd münasibət bu əsasdır. Baxın ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə teatrların maddi-texniki bazasının tam təminatı üçün külli miqdarda pul ayırıb. Mərkəzdəki teatrlarla yanaşı bir çox region teatrları da tam təmir olunub. O cümlədən bizim teatr da tam təmir olunub. Teatrımızın geniş maddi-texniki bazası var. Teatrların maddi-texniki bazası və ümumi inkişafı üçün 2009-2019-cu illərlə bağlı dövlət başçımız cənab İlham Əliyevin sərəcamı var. Bu müqəddəs sərəncamın tam reallaşması üçün cənab nazir Əbülfəs Qarayevin də xidmətləri çox böyükdür və danılmazdır. O, istəyir ki, Azərbaycan teatrları inkişaf etsin. Xarici ölkələrdə maraqlı tamaşalar oynasınlar. Bu işlər də yaxşı görülür. Teatrımızın direktoru Səxavət Məmmədov da əlindən gələni edir ki, işlərimiz yaxşı getsin. Məhz onun sayəsində maraqlı rejissorlar gəlib, teatrımızda peşəkar tamaşalar hazırlayırlar.

Azərbaycanda bütün teatr işçilərinin maaşları dəfələrlə qaldırılıb. Görürsünüz ki, ölkə rəhbəri teatrlar arasında heç bir fərq qoymur. Ona görə də fəxri adlarla, bəzi mükafatlarla bağlı cənab Prizidentə təqdimatlar verilməlidir ki, o da bu təqdimatlar əsasında müsbət addımlar atsın. Amma belə təqdimatlar region teatrları üçün nədənsə çox ləngiyir. Nəticədə isə “gözdən uzaq” yaradıcı şəxslərin layiqincə qiymətləndirilməməsi baş verir. Bu da böyük narazıçılıqlar yaradır. Bununla da Mədəniyyət Nazirliyinə, Teatr Xadimlər İttifaqına inam azalır. Əksər hallarda aktyorlar layiqli qiymətlərini almadan dünyalarını dəyişirlər. Belə hallar bizim teatrda çox olub. Misal üçün İldırım Cabbarı, Nefton Tağıyevi, Gəray Gərayevi, Qasım Qasımovu, İsa Əlimovu, Füzuli Sərkərovu, Aliyə Mikayılovanı, Şirəli İlyasovu misal göstərə bilərəm. Bu siyahını uzatmaq da olar. Onlar böyük aktyorlar, rejissorlar idilər. Onların çoxu qədrsiz- qiymətsiz dünyalarını dəyişdilər. Bəs bu peşmançılıq deyil nədir? Yaradıcı insanın əsas mükafatı tamaşaçı alqışı və onun dövlətdən aldığı mükafatlardır. Bunlar da vaxtında olmalıdır. Axı ömür çox qısadır... Aktyorun ömrü isə yalnız səhnədə oynadığı illər qədərdir. O, səhnədən uzaqlaşan kimi unudulur...

-Teatrların çoxunda repertuar siyasəti çox vaxt düzgün təşkil olunmur. Uzun illər teatrda işləyən aktyor kimi siz bilən bunun səbəbi nədədir?

-Teatrlarda repertuar məsələsi əlbəttə, ən vacib işlərdən biridir. Bədii şura deyilən bir qurum var. Amma əksər teatrlarda bu formal bir qurumdur. Yəni demək olar ki, bu şuranın teatrların çoxunda heç bir fəaliyyəti yoxdur. Çünki repertuarın seçilməsində baş rejissor əsas fiqurlardan biridir. Teatrın repertuar siyasətini də əsasən o, özü həll eləyir. Ağıllı, savadlı, teatr işini dərindən bilən, dünya dramaturgiyasına yaxşı bələd olan, zamanın dəqiq nəbzini tutmağı bacaran, teatrın aktyor kollektivinin potensial gücünə yaxşı bələd olan baş rejissor əlbəttə, yaxşı repertuar qura bilir. Hətta o, 4-5 il hazırlanacaq tamaşalara qədər və hansı rolları kimlər oynayacağına qədər hamısını bilib, repertuar qurur. Amma, axı Azərbaycandakı əksər teatrlarda bu, belə deyil. Hətta bizim teatrda nəinki baş rejissor, heç quruluşçu rejissor belə yoxdur. Belə olanda hansı repertuardan danışmaq olar? Bir də ki, sivilizasiyanın ən yuxarı həddində yaşadığımız bugünkü dövürdə yüngül əyləncəli tamaşalar yox, tamaşaçını maraqlandıran, dövrün, zamanın ən aktual məsələlərindən, tarixi keçmişimizdən və gələcəyimizdən bəhs edən tamaşalar bu gün bizə çox lazımdır. Çünki texnikanın , tərəqqinin belə sürətlə inkişaf etdiyi vaxtda tamaşaçı çox tələbkardır.Tələbkar tamaşaçının tələbini ödəmək üçün teatrın yaradıcı heyyətinin bütün varlığı ilə repertuara diqqəti çox olunmalıdır. Bunu da deyim ki, bu işdə rejissor əsas simadır. Düzdür rejissoru da tək qoymaq olmaz. Burda bədii şura, bir sözlə aktyorlar da rejissorlara dəstək olmalıdılar. Buna görə də bədii şuranın üzvü olan aktyorlar da təkcə Azərbaycan dramaturgiyasını yox, dünya dramaturgiyasını yaxşı bilməlidirlər. Yaşadıqları bölgənin, Azərbaycan tamaşaçılarının da səviyyəsini, düşüncəsini mükəmməl bilməlidirlər. Bir sözlə repertuar teatrın döyünən ürəyi olmalıdir.

-Bu gün Azərbaycan teatrı tamaşaçı problemi ilə üz-üzədir. Bəs bu nədəndir?

-Bir mənalı şəkildə deyirəm ki, repertuardan, bir də teatrların televiziyalarda, radiolarda və mətbautda az təbliğ olunmalarındandır. Biz, kompüter, internet əsrində yaşayırıq. Ona görə də tamaşaçını internet, kompüter və bəzi bayağı seriallardan ayırmaq üçün onun zövqünü oxşayan, tələbatına uyğun, onu dərindən düşündürən, ona həyatda dəqiq yol göstərən tamaşalar təqdim etmək lazımdır.Təbii ki, burada peşəkar rejissor və aktyor işi də yüksək olmalıdır. Çünki rejissor və aktyor öz ağlına, savadına, dünya görünüşünə görə ən azından tamaşaçıdan on addım qabaqda olmalıdır. Bu, bir rəqabətdir. Özü də yaxşı rəqabətdir. Bu rəqabətdə də udmaq üçün teatrın kollektivi çox ciddi səylə işləməlidir. Bax bunlar olsa, onda əsl, maraqlı bir yaradıcı mühit yaranar. Çünki teatr, cəmiyyətin kiçldilmiş bir modelidir. Cəmiyyətin kiçildilmiş modeli olan teatr, özü də müqəddəs bir məbəddir. Bu, müqəddəs məbəddə çalışanlar isə bura sədaqqətlə qulluq etməlidirlər.

P. S. Oktyabr ayının 28-də oynanılan “Caninin etirafi” tamaşası Qabil İbrahimlinin 60 illik yubileyinə ithaf olundu. Tamaşadan əvvəl Xalq artisti Ella Yaqubova və Əməkdar incəsənt xadimi Ağalar İdrisoğlu, teatrın kollektivi və şəhər ictimaiyyəti adından Qabil İbrahimlini təbrik edib, onun yaradıcılığı haqqında qısa danışdlar.

Ona yaradıcılığında daha böyük uğurlar arzu elədilər. Qabil İbrahimliyə gül dəstələri verildi.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə