Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib

Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib
Bu gün Muzey Mərkəzində Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq olunub: "Proqramla əlaqədar 2011-ci il üçün Şabran şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Bununla bağlı olaraq da bu gün qərara aldıq ki, həmin Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimini keçirək".

Nazir həmçinin məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkilinin nəzərdə tutulduğu da vurğulayıb.

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verildiyini açıqlayan nazir, sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparıldığını qeyd edib. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə