Səməd Seyidov: “Qadınların yaratdığı hər bir sənət əsəri heç vaxt pis ola bilməz”- FOTOSLAYD

Səməd Seyidov: “Qadınların yaratdığı hər bir sənət əsəri heç vaxt pis ola bilməz”- FOTOSLAYD
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, millət vəkili Asim Mollazadə, Rusiya və Polşa səfirliklərinin nümayəndələri və ADU-nun professor-müəllim heyəti iştirak edib.

İlk olaraq çıxış edən kompleksin direktoru Şəhla Xuduyeva bildirib ki, sərginin keçirilməsində əsas məqsəd milli dəyərlərin saxlanılması və qorunması, istedadlı insanları tapıb tanıtmaq, onlar arasında əlaqə yaratmaq və mədəni irsin xarici ölkələrdə tanıdılmasıdır. Ş. Xuduyev universitetdə təşkil olunan əl işləri sərgisinin son iki ildə sayca dördüncü dəfə keçirildiyini və ilk belə sərginin 2009-cu ilin martın 5-də reallaşdığını deyib.

Daha sonra ADU-nun rektoru S. Seyidov vurğulayıb ki, ənənəvi şəkildə təşkil olunan bu sərginin burada keçirilməsi təbii haldır: "Sərgidə nümayiş olunan əl işlərinin hazırlanmasında qadınlarımızın xidmətləri əvəzsizdir. Bir sözlə, qadınların yaratdığı hər bir sənət əsəri heç vaxt pis ola bilməz. Hətta onu da qeyd edim ki, bu il 8 Mart Beynəlxalq Qadınlar Gününün 100 illik yubileyidir. Bu münasibətlə bütün Azərbaycan qadınlarını təbrik edirəm".

Sərgidə həmçinin iştirak edən millət vəkili Asim Mollazadə qeyd edib ki, ADU-da 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibətilə keçirilən sərgi artıq ənənəvi xarakter alıb: "Sevindirici haldır ki, ADU hər zaman qadınların əl işlərini nümayiş etdirərək onların işlərinin nümayiş etdirilməsinə lazımı şərait yaradır".

Məlumat üçün bildirək ki, sərgidə müxtəlif yaş qruplarını əhatə edən xanımların biçmə, toxuma- tikmə, rəsm, karikatura, dizayner Xanım Məmmədovanın Azərbaycanın müxtəlif regionlarının geyimlərindən hazırladığı milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilən gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət 500-dən yuxarı əl işləri nümayiş olunub.

Bununla yanaşı, sərgi iştirakçılarına ilk dəfə olaraq yalnız kağız məmulatlarından hazırlanan əl işləri də təqdim olunub. Eyni zamanda sərgiyə gələnlər ADU-nun Regionşünaslıq kafedrasının təşkilatçılığı və tələbələr tərəfindən hazırlanan "Xına gecəsi" adlı bədii kompozisiyanı izləmək imkanı da əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə