Musiqi festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib

Musiqi festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında əlamətdar hadisə - bu təşkilatın yaradılmasının 85 illiyinə həsr edilən musiqi festivalı ilə əlaqədar mətbuat konfransı təşkil olunub. SİA-nın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir. O, 1934-cü il iyunun 30-da yaradılan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti, bu illər ərzində təşkilata rəhbərlik etmiş şəxslər barədə qısaca məlumat verib.

F.Əlizadə festivala hazırlığın ilin əvvəlindən aparıldığını deyib. Bu – musiqi festivalları, silsilə konsertlər, elmi konfranslardır. Bu il bütünlüklə Bəstəkarlar İttifaqının 85 illiyi və dahi Nəsiminin 650 illiyinə həsr edilib.

Festivalın təntənəli açılışı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Mustafa Mehmandarovun idarəsi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə keçirilib.

Bəstəkarlar İttifaqının sədri Azərbaycan musiqisinin təbliği və populyarlaşması istiqamətində ölkədə və ölkənin hüdudlarından kənarda aparılan nəhəng iş barədə danışıb, mətbuat konfransı iştirakçılarını festivalın proqramı ilə tanış edib.

Xüsusən, festivalın proqramının rəngarəngliyi qeyd olunub. 80 bəstəkarın festivala öz işlərini təqdim edəcəyi vurğulanıb. Festival çərçivəsində orqan musiqisi konserti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans təşkil olunacaq, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operası nümayiş etdiriləcək.

Həmçinin Bakı Zabitlər Evinin “Sərhədçi” vokal-instrumental ansamblının konserti də keçiriləcək.

Sonda Firəngiz Əlizadə jurnalistlərin suallarını cavablandırıb.

Festivalın bağlanış mərasimi oktyabrın 28-də Heydər Əliyev Sarayında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə