“2004-2010-cu illərdə Azərbaycan poeziyası” mövzusunda dəyirmi-masa keçirilib

“2004-2010-cu illərdə Azərbaycan poeziyası” mövzusunda dəyirmi-masa keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "2004-2010-cu illərdə Azərbaycan poeziyası" mövzusunda dəyirmi-masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AYB sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Paşa Qəlbinur, Arif Əmrahoğlu və digərləri iştirak ediblər.

Mövzu ilə bağlı məruzəni "Ulduz" jurnalının redaktoru, şair Qulu Ağsəs təqdim edib. O bildirib ki, bu tipli tədbir qurultay öncəsi gənclərlə bağlı keçirilib: "Məruzəm əsasən orta və yaşlı nəslin yaradıcılığı haqqındadır. Burada bütün mətbu orqanlarını əhatə etməyə çalışmışam. Təkcə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarında deyil, portallarda gedən yazılara da toxunmuşam".

Qulu Ağsəs onu da qeyd edib ki, məruzədə adları çəkilən yazarların bəzilərinin adlarının sadalamaqla keçib, lakin bəzilərinin üstündə dayanıb. Məruzəçi həmçinin oxuduğu yazıları üç hissəyə bölüb: "Burada 50-60 adamın adını çəkmişəm, 20-si haqqında da danışmışam. Üç qisim şeirlərə rast gəldim – biabırçı, ortabab və əla şeirlərə. Sonda yenə sevindim, ona sevindim ki, çağdaş Azərbaycan şeiri bu gündə mənim ürəyimə dəyirsə, deməli, burada sevinməli nə isə var. Çünki poeziyanın ən böyük məqsədi insan könlünə toxunmaqdır. Burada da mən ürəyimə toxunan yazılara rast gəldim. Azərbaycan poeziyası ölməyib".

Tədbir Qulu Ağsəsin Azərbaycan poeziyası ilə bağlı məruzəsinin müzakirəsi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə